Azərbaycan Premyer Liqasında 2019-20 mövsümü start götürür. Matc.az saytının məlumatına görə, uzun fasilədən sonra sabah sayca 28-ci ölkə çempionatı başlayacaq.
Premyer Liqada ötən mövsüm mübarizə aparan 8 klub yenə 4 dövrəli sistem üzrə medallar uğrunda mübarizə aparacaq.
Açılış matçı "Dalğa Arena"da olmalıdı. Hər halda təqvimə əsasən, ilk olaraq sabah "Keşlə" ilə "Qarabağ" qarşılaşmalıdı. Ağdamlıların avrokuboklardakı çıxışını nəzərə alsaq, görüşün təxirə salınması və ya bir gün sonraya keçirilməsi istisna deyil. Məlum səbəblərdən "Keşlə" "Qarabağ"ı "Dalğa Arena"da qəbul etməli olacaq. çempionlar Liqasının ilk iki mərhələsində ev oyunlarını burda keçirən Qurban Qurbanovun yetirmələri bu səbəbdən sabiq "bankirlər" önünə heç də qonaq kimi çıxmayacaq. ötən mövsümün çempionu ilə sonuncusunun duelində favorit, şübhəsiz ki, "köhlən atlar"dı. Heyətində köklü dəyişiklik edən Tərlan Əhmədovun kollektivinin güclü rəqibi büdrətmək şansı minimumdu.
Yay fasiləsində heyəti xeyli zəifləyən və bu üzdən Avropa Liqası ilə erkən vidalaşan "Qəbələ" ilk turu doğma azarkeşləri önündə keçirəcək. "Qırmızı qaralar" elə böyük dəyişikliyə getməyən "Sumqayıt"ı sınağa çəkəcək. "Sumqayıt"dan ötən mövsümdəkindən fərqli çıxışı gözlənilmirsə, kifayət qədər güc itirən "Qəbələ"nin necə oyun nümayiş etdirməsi maraqla gözlənilir.
Avrokuboklarla erkən vidalaşan "Səbail" yeni mövsümdən ilk "üçlüy"ü hədəfləyən "Zirə" ilə üz-üzə gələcək. Ciddi maliyyə problemi ilə üzləşən və hətta bəzi yeni transferləri ilə vidalaşmaq məcburiyyətində qalan "Səbail"də vəziyyət heç də ürəkaçan deyil. Bunun fonunda həm yerli, həm də əcnəbi transferlərində fəallıq nümayiş etdirən "Zirə" kifayət qədər iddialı görünür. Bu mənada Samir Abasovun yetirmələrinin səfərdə oynamasına baxmayaraq, 3 xalla başlaması təəccüblü olmaz.
Turun qapanış matçı "Bakcell Arena"da keçiriləcək. Alternativli heyətlə bu dəfə çempionluğu hədəfləyən "Neftçi" xeyli güclənmiş "Sabah"ı qəbul edəcək. Bunu ilk turun mərkəzi oyunu da saymaq olar. Təbii ki, avrokuboklardakı ardıcıl oyunlarla formaya düşən "flaqman" daha şanslıdı. Ancaq bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyununa çıxacaq "ağ-qaralar" mübarizəni davam etdirəcəkləri təqdirdə, "Sabah"la qarşılaşmanın təxirə salınması variantı yaranacaq.
Azərbaycan Premyer Liqası
I tur
16 avqust (cümə)
19:00. "Keşlə" – "Qarabağ"
"Dalğa Arena". Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
17 avqust (şənbə)
19:00. "Qəbələ" – "Sumqayıt"
Qəbələ şəhər stadionu. Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
18 avqust (bazar)
20:00. "Səbail" – "Zirə"
"ASCO Arena". Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
19 avqust (bazar ertəsi)
20:00. "Neftçi" – "Sabah"
"Bakcell Arena". Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov