"Qol vurduğum üçün sevincliyəm. Fərqlənmək üçün üçün məşqlərdə çox çalışıram. Bu qələbə ilə azarkeşlərimizə göstərmək istəyirik ki, qələbə istəyimiz tükənməyib". Matç.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Simeon Slavçev Topaz Premyer Liqasının X turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Bolqarıstanlı yarımmüdafiəçi bütün diqqətini özünü yaxşı tərəfdən göstərməyə yönəltdiyini və başqa kluba keçmək haqda düşünmədiyini deyib: "Hazırda bütün diqqətim öz komandadı. Əsas fikrim burada özümü həm məşqçi heyətinə, həm də azarkeşlərə yaxşı tərəfdən göstərməkdi. "Qarabağ"da oynamağa layiq olduğumu sübut etmək istəyirəm. Başqa bir kluba keçmək haqda düşünmürəm, komandama köklənmişəm".
25 yaşlı yarımmüdafiəçi son olaraq, Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə qarşılaşacaqları "Vorskla" ilə bağlı danışıb: "Aydın məsələdi ki, ağır oyun keçəcək. İstəklə mübarizə aparsaq, inanıram ki, səfərdə 3 xalı qazana bilərik".