Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün kişilərdə 73, 81, qadınlarda 57 və 63 kq çəki dərəcələrində idmançılar mübarizə aparıb.

 

Kişilər

73 kq

Bu çəkidə iki cüdoçumuz yarışıb. Elcan Hacıyev danimarkalı həmkarına qarşı ilk görüşünü uğurlu keçirsə də, 1/8 finalda Rusiya təmsilçisinə yenilib.

Ondan fərqli, Vüqar Talıbov 1/4 finala qədər problemsiz irəliləyib. O, bu yolda Avstraliya, Tunis və Qırğızıstan cüdoçusunu mübarizədən kənarlaşdırıb. Lakin Talıbov yarımfinalın bir addımlığında braziliyalı Qustavo Qomesə yenilib. Bununla belə, cüdoçumuz bürünc medal şansını davam etdirib. Təsəlliverici görüşdə Qanijon Qaniyevi (Tacikistan) məğlub edən Vüqar "bürünc"ə yiyələnmək üçün Luici Sentraççionu da üstələməli idi. İtaliyalı rəqibini ipponla məğlub edən Vüqar dünya üçüncüsü olub.

 

81 kq

Bu çəkidəki təmsilçimiz Məhərrəm İmamverdiyev ilk görüşündəcə Yaponiya cüdoçusuna məğlub olaraq, mundialla vidalaşıb.

 

Qadınlar

57 kq

Aytac Qardaşxanlı cəmi bir qələbəyə sevinə bilib. Portuqaliyalıya qalib gələn xanım idmançımız 1/16 finalda sonradan finala qədər irəliləyən braziliyalı rəqibinə boyun əyib.

 

63 kq

Aytac Əliyevanın da iştirakı uğursuzluqla yekunlaşıb. O, ilk görüşündəcə Kanada təmsilçisinə uduzub.

 

Qeyd edək ki, dünən Azərbaycan cüdoçusu Kamran Süleymanov 60 kq çəki dərəcəsində gümüş medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest