Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda baş verənlər bütün Avropa mətbuatının gündəmini zəbt edib. Matc.az saytının məlumatına görə, qitənin bir çox ölkəsinin KİV-i erməni təxribatını pisləyib.
Həmkarlarımız qarşılaşmanın ilk hissəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla meydanın məkəzinə gətirilməsini qınayıb və bunun bağışlanmaz addım olduğunu yazıblar.
İspaniya, İngiltərə, Almaniya kimi böyük ölkələrin mətbuatı daxil olmaqla hər kəs çempionlar Liqası, Avropa Liqası kimi turnirlərdə təhlükəsizliyin böyük önəm daşıdığını və siyasətin idmana qarışmasına imkan verilməməsini vurğulayıb.
Qeyd edək ki, dünənki görüşün 31-ci dəqiqəsində "Qarabağ"ın vurduğu ikinci qoldan sonra separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilib. Azarkeşlərimiz və futbolçularımızın buna sərt etirazı olub və görüş təxminən 20 dəqiqə dayandırılıb. Oyun "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan sonra "ultraqrup birinci Ermənistan cəbhəsi" bunu boynuna alıb.