Bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) yunan-Roma güləşi üzrə yığmalarımızın məşqçilərinin iştirakıyla iclas keçirilib. Tədbirdə sentyabrda Qazaxıstanda keçirilmiş dünya çempionatının yekunları müzakirə olunub. Nəticələrin qənaətbəxş olmadığını dilə gətirən Namiq Əliyev məşqçilər korpusunda dəyişiklik edilməsinə qərar verildiyini bildirib.

Bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) yunan-Roma güləşi üzrə yığmalarımızın məşqçilərinin iştirakıyla iclas keçirilib. Matc.az xəbər verir ki, AGF-nin prezident əvəzi Namiq Əliyev, federasiyanın baş katibi Orxan Məmmədov, vitse-prezidenti Elçin Cəfərov və İdman şöbəsinin müdiri Yaqub Məmmədovun da iştirak etdiyi tədbirdə sentyabrda Qazaxıstanda keçirilmiş dünya çempionatının yekunları müzakirə olunub.

Yunan-Roma güləşində nəticələrin qənaətbəxş olmadığını dilə gətirən Namiq Əliyev bu səbəbdən məşqçilər korpusunda dəyişiklik edilməsinə qərar verildiyini bildirib.

Beləliklə, böyüklərdən ibarət komandanın baş məşqçi vəzifəsində Şaban Donatı rusiyalı mütəxəssis Aleksandr Tarakanov əvəzləyib. Onunla yanaşı, Afina Olimpiadasının və 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibi, eləcə də 6 qat Avropa çempionu Aleksey Mişin yığmamızın məşqçilər korpusunda yer alacaq. Rövşən Bayramov əvvəlki kimi böyük məşqçi vəzifəsində çalışacaq. Eyni zamanda Akif Əliyev millidə köməkçi-məşqçilərdən biri olacaq. Emin Əhmədov və Turac Hüseynli isə bundan sonra gənclərdən ibarət yığmada məşqçilik fəaliyyətini davam etdirəcək.

Namiq Əliyev çıxış edərək Tokio Olimpiadasına 10 ay vaxt qaldığını və bu müddət ərzində komandanı hazırlayıb, mart-aprel aylarında keçiriləcək lisenziya turnirlərində Olimpiya Oyunlarına vəsiqə qazanmağın əsas məqsəd olduğunu dilə gətirib. AGF-nin rəhbəri bu istiqamətdə federasiya tərəfindən yığmamıza hər bir şəraitin yaradılacağını da bildirib.

Yeni baş məşqçi isə öz növbəsində Azərbaycan yığmasını yaxşı tanıdığını və komandamızın böyük potensiala malik olduğunu vurğulamaqla yanaşı, lazımınca işləyərək qarşıya qoyulan hədəflərə çatacaqlarına inandığını deyib.

Qeyd edək ki, 30 illik məşqçilik təcrübəsinə sahib Aleksandr Tarakanov Aleksey Mişinlə yanaşı, Avropa çempionu Renat Bikkinin şəxsi məşqçisi olub. Mütəxəssis buna qədər Mordoviya yığmasının baş məşqçisi funksiyasını yerinə yetirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest