Yaponiyanın Osaka şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb. Matc.az saytının məlumatına görə, ilk gündə Azərbaycan millisinin 7 idmançısı mübarizəyə qoşulub.

 

Kişilər

60 kq

Kəramət Hüseynov mübarizəyə 1/16 finaldan başlayıb. İlk görüşündə Yanislav Gerçevə (Belarus) qalib gələn cüdoçumuz növbəti mərhələdə çin təmsilçisi Vi Yun Yana yenilib və turnirlə vidalaşıb.

Bu çəkidəki digər idmançımız Davud Məmmədsoy da eyni mərhələdən yarışa qoşulub. O, ilk rəqibi italiyalı Elios Manziyə qalib gəlib. Ancaq cüdoçumuz 1/8 finalda Yaponiya idmançısı Naohişa Takatodan zəif olub. O da komanda yoldaşı kimi medalsız qalıb.

 

66 kq

Millimizin liderlərindən olan Nicat Şıxəlizadə turnirə uğurlu başlanğıc edib. 1/16 finaldan mübarizəyə qoşulan cüdoçumuz ardıcıl Naton Barns (İrlandiya) və Osniel Solisi (Kuba) məğlub edib. Təəssüf ki, Nicat eyni uğuru 1/4 finalda Yoşiro Maruyama önündə davam etdirə bilməyib. Yaponiya təmsilçisinə yenilən idmançımız bürünc medal şansını davam etdirib. O, təsəlliverici görüşdə Daniel Roman Pereslə qarşılaşıb. Təəssüf ki, ispaniyalıya da uduzan Nicatın medal arzusu reallaşmayıb.

1/32 finaldan turnirə start götürən Orxan Səfərəv birinci rəqibi Julyen Fraskadorı (Kanada) üstələsə də, ardınca rusiyalı Mixail Pulyayevə uduzaraq, uğursuzlar sırasına qoşulub.

 

Qadınlar

48 kq

Aişə Qurbanlı 1/16 finalda Harriet Bonfeyslə (Malavi) görüşüb. Ona qalib gələn idmançımız sonrakı raundda yapon Natsumi Tsunoda səddinə "ilişib" və turnirə "əlvida" deyib.

Leyla Əliyeva da "Böyük Dəbilqə"yə eyni mərhələdən başlayıb. Ancaq o, ilk görüşdəcə Edna Karrilloya (Meksika) yenilərək, mübarizəni dayandırıb.

 

52 kq

Bu çəkidəki cüdoçumuz Gültac Məmmədəliyeva da yaxşı başlanğıc edə bilməyib. O, 1/16 finalda Kristina Blanaruya (Moldova) məğlub olub və medal şansını itirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest