25 Noyabr 2019, 19:33
DÖYÜŞ NÖVLƏRİ
Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında karate üzrə 20-ci respublika birinciliyinə, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda müxtəlif regionlardan 585 uşaq, yeniyetmə, gənc və böyüklər mübarizə aparıb.
18 qızıl, 14 gümüş və 15 bürünc medal qazanan "Qara Qaplan" klubunun yetirmələri bu dəfə də ən yüksək nəticə göstəriblər. 16 qızıl, 10 gümüş və bir o qədər də bürünc medala sahib olan Mərkəzi Karate Məktəbi ikinci yeri, 6 qızıl, 9 gümüş və 5 bürünc mükafat qazanan Təhsil Respublika İdman Mərkəzinin karateçiləri isə növbəti pilləni tutublar. Yaxşı nəticə göstərən klublar arasında Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyəti və "Arpaçay" klubunun idmançıları da ilk beşlikdə yer alıblar.
Respublika çempionatının mükafatçıları ayrı-ayrı yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunaraq gələn il keçiriləcək yarışlarda Azərbaycanı təmsil edəcəklər.