29 Noyabr 2019, 02:23
AVROPA LİQASI
Avropa Liqasının qrup mərhələsinin V turunun "Sevilya" – "Qarabağ" (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Rəqibi təbrik edirəm. çox istərdik ki, ən azı bir xalla qayıdaq. Təəssüf ki, alınmadı. Oyunu, qrupu çox analiz edə bilərik. Futbolçular çox əziyyət çəkdi. Hamısından razı qaldım. Qarşıdakı oyunlara hazırlaşacağıq.
- Bundan sonra nə olacaq?
- Qarşıda bizi çempionat oyunları gözləyir. Ona hazırlaşmalıyıq. Ondan sonra qrupdakı son oyuna hazırlaşacağıq. Peşəkar kimi hər bir turniri sona kimi yaxşı keçirməyə çalışmalıyıq.
- Dünən söyləmişdiz ki, maksimum az səhv etməliyik. Futbolçular tapşırıqlarınızı neçə faiz yerinə yetirdi?
- İlk hissədə daha diqqətli və intizamlı oynadılar. Fasilədən sonra səhvlər oldu. Buna bəzən rəqib də məcbur edirdi. Oyunun vacibliyindən əlavə, böyük məsuliyyət də var idi. Belədə istər-istəməz səhvə yol verirsən. Bəzən bağışlanmaz səhvlər də olur, amma bir məşqçi kimi onları başa düşürəm.
- İkinci hissədə top itkilərinin çoxluğu nə ilə əlaqədar idi? Rəqibin pressinqi, yoxsa tələskənlik?
- Rəqib bizi buna məcbur edirdi. "Sevilya" La Liqada ən yaxşı pressinq edən komandalardan biridi. Onlar səhv etməyə daha çox məcbur edirdi.
- Sonuncu dəfə belə məyus olduğunuz yadınıza gəlir, yoxsa hər şey qaydasındadı?
- Məyus olduğum anlar çox olub. Bu da onlardan biridi.
- Bir epizodda Abdullah Zubir cərimə meydançasında yerdə qaldı və hakim davam işarəsi verdi...
- Adətən hakimlər barədə çox fikir bildirmək istəmirəm. Ancaq bəzən bizim kimi komandalara daha kiçik kimi baxırlar. İstəməzdim belə hallar olsun. Bəzi epizodlarda simpatiya "Sevilya" tərəfə idi. Təkcə penalti epizodunu demirəm. Hər bir halda hakimin qərarları ilə razılaşmalıyıq. Daha ədalətli olsalar, düzgün olar. Həmin epizpodu mən dəqiq görməmişəm. Ancaq maraqlandım və penaltiyə daha çox oxşayırdı.
- İlk qolu vuran futbolçunun 18 yaşı var. Niyə bizdə Brayan Gillər yetişmir?
- Biz kiçik futbol ölkəsiyik. Təkcə futbolçu yetişməməsi problemi deyil. Bunun üçün daha çox təcrübəmiz olmalıdı. Bu gün biz La Liqa və Azərbaycan çempionatını bir edə bilmərik. İspaniya futbolunun strukturu illər əvvəl qurulub. Bizdə isə yalnız müstəqillik dövründə çox az vaxtımız olub. Bu cür oyunçuları gələcəkdə gözləməliyik. Bunun üçün çalışmalıyıq. Hələ çatışmayan cəhətlərimiz çoxdu.
- Oyunda 2 top geri olduq. Futbolda neçə baş, neçə ayaq, neçə top geriyik?
- Baş, ayaq eynidi, amma futbolda çox geriyik. Rəqib La Liqada 2-3-cü yerləri bölüşdürür. Bizim üçün onlarla yan-yana durmaq çətindi. Biz 1-2 addım irəli gedə bilərik. Təəssüf ki, hələ tezdi.
- İndiyədək düşdüyümüz qruplar arasında ən rahatı idi, ancaq alınmadı. Qurban Qurbanov harda səhv etdi?
- Daha əvvəl də qrupdan çıxmaq şansımız olub. Xatırlayırsızsa, "İnter"lə matçda son dəqiqə qolumuz sayılmamışdı. O zaman qalib gəlsəydik, qrupdan çıxacaqdıq. Məşqçi həmişə səhv edə bilər. Biz kollektivik, bütün fikirlərimizi bir yerə cəmləyirik. Bu günə kimi adicə APOEL-lə matçları götürsək, heç birində onlardan zəif çıxış etməmişik. Şanslardan istifadə edə bilməmişik, ancaq qol epizodlarını götürsək, bəlkə də, bütün rəqiblərə qarşı ən çox epizod qazandığımız görüşlər olub. Səhv edib-etmədiyimi açıqlamağım düzgün olmaz. Kollektiv daxilində hər şeyi analiz edirik. Yaxşı klubumuz var. 6 ildi Azərbaycanı qrupda təmsil edirik. Nə rəhbərlik, nə biz həvəsdən düşürük. Qarşıya baxmalıylq. Nə qədər hazırlaşsaq da, ildən-ilə təcrübəmizi artırmalıyıq. ölkə olaraq və "Qarabağ" olaraq daha ciddi addımlar atmalıyıq.