Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı start götürüb. Matc.az xəbər verir ki, yarışın təntənəli açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana və Olimpiya hərəkatının inkişafına göstərilən qayğıdan söhbət açıblar. 
 
Son vaxtlar Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurları yüksək qiymətləndirilib. Bildirilib ki, cüdo üzrə ölkə çempionatında ilk dəfə olaraq respublikamızın daha çox bölgəsindən idmançılar mübarizə aparır.
 
Rəsmi çıxışlardan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Açılış mərasimi tanınmış incəsənət xadimlərinin iştirakı ilə bədii proqramla davam etdirilib.
 
Açılış mərasimindən sonra qadınların yarışında -48 kq, -57 kq, -70 kq, kişilərin mübarizəsində isə -60 kq, -73 kq və -90 kq çəki dərəcəsində final görüşləri keçirilib. Ramilə Əliyeva, Yaşar Nəcəfov, İçinxorloo Munxtsedev, Telman Vəliyev, Günel Həsənli və Məmmədəli Mehdiyev Azərbaycan çempionu adını qazanlblar. 
 
Qeyd edək ki, ölkə çempionatında 332 cüdoçu mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest