Güləş üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Mariya Stadnik açıqlama verib. Matc.az xəbər verir ki, xanəm idmançı Azərbaycan Güləş Federasiyasının saytına mundialdan sonrakı hazırlıq prosesi, 2020-ci il üçün planları, olimpiya oyunları və rəqibləri ilə bağlı danışıb.
 
"Dünya çempionatına sıx qrafiklə hazırlaşdığım üçün övladlarıma vaxt ayıra bilməmişdim. Əlbəttə, qələbəni dərhal qohumlarla, sənə yaxın olan insanlarla qeyd etmək istəyirsən. Bu üzdən mundialdan sonra dərhal evimə yollandım. Bu payız ailəmlə yaxşı istirahət etmək imkanı əldə etdim. Bununla belə, məşqlərimi də davam etdirirdim. Ancaq bu, təlim-məşq toplanışı səviyyəsində hazırlıq deyildi. Psixoloji cəhətdən də istirahətə, bərpa prosesinə ehtiyac var idi. çünki olimpiadaya qədər bizi növbəti ağır qrafik gözləyir. Dekabrda Bolqarıstanda dağlıq ərazidə təlim-məşq toplanışı keçdik. Bu da fiziki hazırlığın yüksəldilməsinə xidmət edirdi. Gələn il ilk yarışım fevralda keçiriləcək Avropa çempionatı olacaq. Ondan sonrakı plan və qatılacağım yarışlar hələ bəlli deyil. Allaha şükürlər olsun ki, artıq zədələr baxımından problemim yoxdur.
 
Hər yarışdan sonra çıxışımı təhlil edir, səhvləri, çatışmazlıqları müəyyənləşdirir, nəyin üzərində işləməli olduğumuzu aydınlaşdırırıq. Açığı, Nur-Sultanda formamın zirvəsində deyildim. Fikrimcə, karyeram boyunca ideal səviyyəyə Rio olimpiadasında çatmışdım. Həm fiziki, həm də psixoloji cəhətdən yüz faiz hazırlıqlı idim.
 
Tokio olimpiadasında Yaponiyanı Eri Tosaka və ya Yui Susakinin təmsil edəcəyi ilə bağlı hər hansı düşüncəm yoxdur. İstənilən güləşçiylə görüşə qələbə üçün çıxacam. Rəqibin fərqi yoxdur. Sadəcə, qalib gəlmək istəyirəm, vəssalam. Olimpiadaya hələ 8 ay var. Kimsə zədələnə, hansısa səbəbdən formada ola və ya olmaya bilər. Bütün rəqibləri qiymətləndirmək lazımdır. Olimpiya oyunlarına həm fiziki, həm psixoloji, həm də taktiki cəhətdən tam hazır olmalısan. Təbii ki, idman xoşbəxtliyi də sənin tərəfində olmalıdır. Hazırda üzərimdə təzyiq hiss etmirəm. Tokio-2020 mənim üçün sonuncu yarış olmaya da bilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest