16 Fevral 2020, 21:19
MPL
"Ardıcıl iki oyunda məğlub olmaq acı hissdir. Heç bir məşqçi bunu yaşamaq istəməz". Matc.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi" ilə keçirilən oyundan sonra deyib.
çalışdırıcı komandasının 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra təəssüratlarını bölüşüb:
"Görünür, işimizin belə uğursuzluqlarla bağlılığı var. Qarşıda 11 oyun qalır. Ardıcıl iki matç uduzan komandanın oyunundan danışacağım söz yoxdur. Futbolçular əziyyət çəkirlər. Onların haqqını tapdalamaq olmaz. Hər halda, məğlubiyyətdə ən böyük günah məndədir. Görünür, hələ komandanı tam formalaşdıra bilməmişik. Qışdan sonra eniş yaşanır. Bunu yoluna qoymalıyıq. Səbrlə işimizi davam etdirməliyik".
- "Keşlə" adətən etibarlı müdafiə ilə seçilib. Son iki turda isə bunun əksini görürük...
- Hərdən elə sual olur ki, özüm də cavab verməyə çətinlik çəkirəm. Boyoviç uzun müddət zədəli oldu. Flores vərəqə limitini doldurmuşdu. Latın amerikalıların təlim-məşq toplanışına gəlməsi bizim üçün problemdir. Bakı hazırlığında onların heç biri iştirak etməyib. Bu gün də bunun acısını yaşayırıq. Mənim məşqçilik karyeramda 5 oyun ardıcıl məğlubiyyət olub. Amma elə də olub ki, ardıcıl 17 görüşdə uduzmamışıq. Düşünürəm ki, komanda toparlanacaq.
- Bugünkü matç göstərdi ki, "Keşlə" heyət baxımından mükafatlar uğrunda mübarizə aparan rəqiblərindən geri qalır...
- Artıq nəsə etmək çətindir. Ruslanın nə vaxt qayıdacağını bilmirik. Kamara növbəti matçda iştirak edəcək. Sezar son 3 məşqi buraxmışdı. Frutos da eynilə. Rotasiyalar üçün əlimdə olan futbolçular budur. Səbirsizliklə Ruslanla Kamaranın sıraya dönməsini gözləyirəm. Mən həmişə komanda oyunu quracağımı düşünürdüm. Amma görürəm ki, bir futbolçu böyük əhəmiyyət daşıyır. Ruslanla Kamaranın yoxluğu hiss olunur.
- Enişin səbəbləri nələrdir?
- Bunu açıqlamağın heç bir mənası yoxdur. İnsanın başına belə şeylər gəlir. İllərlə xoşbəxt yaşayan ailədə də hansısa söz-söhbət olur və problemlər yaranır. çox nüanslar var. İki məğlubiyyət hər şeydən məhrum olmamağımız demək deyil.
- Daboya bu qədər boş ərazi verilməsi nə ilə bağlı idi?
- Əvvəl də qeyd etdim ki, bu gün "Keşlə"də futbol adına heç nə yox idi. Mən tələb etdiyim oyunu görmədim. Rəqib gözəl futbol nümayiş etdirdi və qələbəsini qazandı.