20 May 2020, 21:34
MPL
Peşəkar Futbol Liqasının rəsmiləri Avropa Peşəkar Futbol Liqaları (EPFL) ilə məlum periodda sayca 3-cü videokonfransda iştirak edib.
Matc.az xəbər verir ki, bu barədə PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.
Onun sözlərinə görə, öncəki görüşlərdə olduğu kimi bu dəfə də üzv liqalara UEFA-nın işçi qruplarında gedən müzakirələr, Avropada liqalar üzrə hazırkı vəziyyət haqqında məlumat verilib, optimal yenidən başlamaq ssenariləri barədə üzv liqaların planları nümayiş etdirilib:
"ümumilikdə 51 nəfərin iştirak etdiyi konfransda biz də öz növbəmizdə vəziyyəti açıqladıq və hadisələrin tezliklə müsbətə doğru dəyişəcəyinə ümid etdiyimizi bildirdik.
UEFA-nın təqvim hazırlanması üzrə fəaliyyət göstərən işçi qrupunda hazırda yalnız 1 ssenari üzərində danışıqlar aparılır: yerli çempionatlar avqust ayının əvvəlinə kimi (dəqiq gün yoxdur) tamamlanır, UEFA 2019/20 sezonundan yarım qalan yarışlarını isə avqust ayının sonuna kimi başa çatdırır. Qitə səviyyəli 2020/21 klub yarışlarına seçmə mərhələlərin isə avqust ayının əvvəlindən etibarən başlanılması planlaşdırılır. Ancaq istənilən halda bu plan yenə də yekun təklif, yaxud qərar qüvvəsində deyil. çünki UEFA İcraiyyə Komitəsinin 27 may üçün nəzərdə tutulan iclası 17 iyuna təxirə salınıb, üstəlik bir sıra ölkələrdəki qeyri-müəyyənlik bu təklifin nə dərəcədə real olub-olmadığını sual altına salır. Bununla yanaşı, əvvəlki bütün ssenarilərin üzərindən xətt çəkilib və yalnız bu ssenari üzərində durulur, görünür ya belə, ya da buna bənzər bir səviyyədə yekun bir nəticəyə varılacaq.
Digər bir maraqlı məlumat isə transfer pəncərəsi və oyunçu müqavilələri ilə bağlıdır. Hazırda müzakirə edilən ssenariyə əsasən yay transfer dövrü 12 həftə davam etdiyi üçün ən tez 12 iyulda başlayıb, 5 oktyabrda qurtara bilər. çünki 1 oktyabr növbəti sezon UEFA klub yarışlarına vəsiqə əldə etmək üçün keçirilən təsnifat mərhələsində son pley-off oyun günü, ondan 2 həftə sonrası isə yarışların başlama tarixi kimi nəzərdə tutulur. Ancaq bu məsələdə də sual doğuran bir sıra məqamlar var. Ən əsası odur ki, FİFA qaydalarına əsasən transfer pəncərəsi çempionat tam başa vurulduqdan sonra açıla bilər. Hansısa ölkə daxili çempionatını nəzərdə tutulan tarixə kimi başa vura bilməsə, necə olacaq? Bu, o çempionatdakı klublar üçün transfer pəncərəsində vaxt itkisi deməkdir. İndiki halda liqaların nəzərdə tutulan tarixədək başa vurulmasını ehtimal etmək çətindir, çünki situasiya hər an dəyişə bilər. Hər bir halda yaxın vaxtlarda UEFA-nın bu tip problemləri özündə birləşdirən və üzv assosiasiyaların ümumi marağı fonunda hazırlanan bir bəyanat yayacağı bildirildi.
Konfransda FİFA-da yaradılan işçi qruplarda yer alan EPFL nümayəndəsi də çıxış etdi. O, hazırda qurumun milli komandaların oyun cədvəli üzərində çalışdığını bildirdi. Burada gedən müzakirələrə əsasən, FİFA sentyabr və oktyabr ayında milli komandaların qarşılaşmasını keçirməməyi, əvəzində noyabr və dekabr aylarında ümumilikdə 10 oyun günündən ibarət bir qrafik hazırlamağı düşünür. Amma digər hər məsələ kimi, bu da dəqiq deyil və ölkələrdəki vəziyyətdən asılıdır".
EPFL üzv liqaları arasında çempionatlarını davam etməsi rəsmiləşənlər aşağıdakılardı:
• Avstriya – 2 iyun
• Almaniya – 16 may
• çexiya – 25 may
• Danimarka – 28 may
• İsrail – 30 may
• Litva – 30 may
• Norveç – 16 iyun
• Portuqaliya – 4 iyun
• Polşa – 29 iyun
• Rusiya – 21 iyun
• Serbiya – 30 may
• Türkiyə - 12 iyun
EPFL üzv liqaları arasında çempionatlarını tamamlamadan başa vuranlar:
• Belçika
• Fransa
• Hollandiya
• Şotlandiya