Sabah keçiriləcək AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasında UEFA bir sıra məhdudiyyətlər tətbiq edəcək. Matç.az saytı xəbər verir ki, qurum bununla da müxtəlif səbəblərdən bəzi yığmaların eyni qrupda yer almasını əngəlləyəcək.

Məhdudiyyət Azərbaycan millisindən də yan ötməyəcək. Qurban Qurbanovun yetirmələri fərqli səbəblərdən bəzi yığmalarla rəqib ola bilməyəcək.

Meydan sahiblərinə güzəşt

Məlum olduğu kimi final mərhələsi Avropanın 12 ölkəsində keçiriləcək. UEFA bu ölkələrin hamısının həlledici raunda çıxmaq imkanını qoruyacaq. Bu üzdən də onlar fərqli qruplara səpələnəcək.

üç ev sahibi eyni qrupda olarsa, onlardan biri mütləq kənarda qalacaq. Bu səbəbdən də meydan sahibi olan ölkələrdən maksimum 2-si eyni qrupa düşəcək.

Bu komandalardan biri olan Azərbaycan millisi digər 11 yığmadan maksimum 1-i ilə eyni qrupda yer alacaq. Söhbət İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiyadı.

Soyuqdan qaç

UEFA sərt hava şəraiti olan şimal ölkələrini də fərqli qruplara ayıracaq. Avropanın 10 ən soyuq ölkəsindən maksimum ikisi eyni qrupa düşə bilər. Bu da digər komandaların iki dəfədən çox belə ağır şəraitə düşməsinin qarşısını alacaq. Bu ölkələr Belarus, İslandiya, Latviya, Litva, Norveç, Rusiya, Ukrayna, Farer adaları, Finlandiya, Estoniyadı.

Bu ölkələrdən üçü – İslandiya, Finlandiya və Farer adalarına mart və noyabrda evdə oynamaq qadağası var. Onlar bu aylarda səfərdə oynayacaq.

Münaqişə zonaları

üç cüt isə siyasi münaqişə üzündən eyni qrupda yer ala bilməz. İspaniya ilə Cəbəllütariq, Serbiya ilə Kosovo, həmçinin Bosniya və Herseqovina ilə Kosovonun rəqib olması mümkünsüzdü.

Ya Portuqaliya, ya İslandiya

4-cü məhdudiyyət növü uzun yol qət etməklə bağlıdı. UEFA eyni komandanın seçmə mərhələ ərzində iki uzun səfərə çıxmasını əngəlləyəcək. Məhdudiyyətlər Avropadan uzaq olan üç ölkə - Azərbaycan, Qazaxıstan və İslandiyaya tətbiq ediləcək.

Azərbaycan millisi İslandiya və ya Portuqaliyadan yalnız biri ilə eyni qrupa düşə bilər. Onlardan biri millimizə rəqib olsa, digəri başqa qrupa göndəriləcək.

İslandiya isə 4 yığma – İsrail, Kipr, Ermənistan, Gürcüstandan yalnız biri ilə eyni qrupa düşə bilər.

Qazaxıstan üçün isə belə ölkələr daha çoxdu. Onlar İngiltərə, Andorra, İspaniya, İrlandiya, İslandiya, Malta, Portuqaliya, Şimali İrlandiya, Uels, Fransa və Şotlandiyadan yalnız biri ilə qarşılaşcaq. Təbii ki, bu komandalardan da hər hansı biri Qazaxıstana rəqib olsa, digərlərindən qaçacaq.

Qeyd edək ki, püşk zamanı səbətdən çıxan ölkə məhdudiyyət qaydalarına uyğun gəlməsə, avtomatik digər qrupa keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest