Mövsümün əvvəlindən bu yana “Kəpəz”in pərdəarxasına boylananda, adamın damarlarında qan donur, eşitdikləri insanı heyrətə gətirir. Fikirləşirsən ki, doğrudanmı o boyda şəhərin – tarixi şəxsiyyətləri, adlı-sanlı futbolçuları ilə öyünən Gəncənin nüfuzunu, minlərlə azarkeşin ümidini bir neçə nəfərin şəxsi marağına qurban vermək bu qədər asandı?
Nə dərəcədə realdı bilmirəm, xətirlərinə dəyirsə üzrlü saysınlar, amma eşitdiklərimdən sonra bu qənaətə gəlmişəm ki, İdarə Heyətinin sədri, DTX-nın həbsə atdığı Adnan Əhmədzadənin yaxın adamı kimi tanınan Adil Vəliyev və elə həmin Adil bəyin ən yaxın adamı Fərman Əlizadə “Kəpəz”i Premyer Liqada saxlaya bilməyəcəklər.
Əvvəlki illərlə müqayisədə qış transferlərində passivlik aşkar sezilir. Çünki pul yoxdu, yayda lazımsız legionerlərə yüz minlər xərclənib. Turlar keçdikcə isə heyət çat verəcək, komanda Vəliyev və qohum-tanış çevrəsinin “misilsiz” əməyi sayəsində I Liqaya düşəcək.
Təsəvvür edin, komandaya elə bir “qayğı” göstərilir ki, klubun bazasında gah işığın söndüyü, gah qazın kəsildiyi, futbolçulara isə “bu gecə evinizdə qalın” deyildiyi barədə xəbərlər dolaşır. Əgər bütün bunlar həqiqətdirsə, belə klub peşəkar sayılmır, hörmətli Vəliyev!
Bu isə artıq peşəkar idarəçilik deyil, tarixi olan komandaya açıq-aşkar laqeydlikdi.
Zaman gələcək, bu şəxsin “Kəpəz”dən kimlər tərəfindən, hansı məqsədlə, niyə didərgin salındığı da bəlli olacaq.
Necə deyərlər, tarix susmur, bir az vaxtını gözləyir, Adil bəy!
SAMİR











_1768910603.jpg)
