23 Yanvar 2026, 13:44
FUTBOL
“Kəpəz”də vəziyyət kritik həddədi. Komanda son illərin ən acınacaqlı dövrünü yaşayır. Klubun bu duruma düşməsində İdarə Heyətinin sədri Adil Vəliyev və onun ətrafındakı şəxslərin fəaliyyəti xüsusi rol oynayır. Mövsümün əvvəlində baş məşqçi seçimi, eləcə də böyük ümidlərlə transfer edilən legionerlər nəinki ümidləri doğrultdu, əksinə vəziyyəti daha da ağırlaşdırdı. Görünən odu ki, yayda atılan yanlış addımlar bu gün öz “bəhrə”sini verir. Necə deyərlər, pis ustadan yaxşı iş çıxmaz...
Həmin legionerlərdən ikisi ilə bağlı maraqlı məlumatlar var. Qış fasiləsində Braziliyaya yollanan Ceferson Bentu hələ də komandaya qayıtmayıb. Klub rəsmiləri futbolçunu gah qeyri-peşəkarlıqda, gah müqavilə şərtlərini pozmaqda ittiham edir, gah da onu geri qaytarmağa çalışır. Lakin Bentu mövqeyində qətidi. O, klub tərəfindən aldadıldığını düşünür və geri dönmək niyyətində deyil.
Məlumatlara görə, futbolçu “Kəpəz”ə dəvət olunarkən komandanın Gəncədə deyil, Bakıda məskunlaşacağı vəd edilib. Bentu da məhz bu şərtlə müqaviləyə razılıq verib. Lakin turlar keçdikcə vəziyyətin tam fərqli olduğu üzə çıxıb. 22 yaşlı futbolçunun bu məsələ ilə bağlı rəhbərliyə yaxın şəxslərə irad bildirdiyi deyilir. Yekunda isə tərəflər arasında narazılıq yaranıb və futbolçu klubu tərk edib.
Noyabrda komandadan ayrılan digər legioner Vitor Feijao ilə bağlı yaşananlar da oxşar mənzərə yaradır. Baş məşqçi Azər Bağırov həmin vaxt futbolçunun gedişini ailə məsələləri ilə izah etmişdi. Lakin sonradan yayılan məlumatlar ayrılığın arxasında başqa səbəblərin də olduğunu göstərir.
Bildirilir ki, Vitorun ailəsi ilə bağlı tibbi xərclər məsələsində tərəflər razılığa gələ bilməyib. Belə ki, müqaviləyə əsasən futbolçunun hamilə xanımının tibbi xərcləri klub tərəfindən qarşılanmalı imiş. Amma klinika seçimində fikir ayrılığı yaranıb. Nəticədə münasibətlər korlanıb və futbolçu komandadan ayrılmaq qərarı verib.
Bəs adları çəkilən həmin iki legionerlə bağlı yayılan məlumatlar nə dərəcədə realdı? Klubun mətbuat xidmətinin əməkdaşı Gəray Qiyasovdan buna münasibət bildirməyini istədik. Amma həmkarımızın cavabı maraqlı oldu. Onun sözlərinə görə, bu iddialara özü yox, klub rəhbərliyi cavab verəcək. Həmin fikirləri də qeyd etməyə hazırıq...
SAMİR












