Sabah AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Matç.az saytı xəbər verir ki, tədbir İrlandiyanın paytaxtı Dublində baş tutacaq.

Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Sayca 16-cı Avropa çempionatının seçmə mərhələsində rekord sayda – 55 yığma mübarizə aparacaq.

İlk dəfə UEFA-ya üzv olan 55 assosiasiyanın hamısının qatılacağı seçmə mərhələdə Azərbaycan millisi də mübarizə aparacaq. 7-ci dəfə bu turnirə vəsiqələr uğrunda yarışacaq yığmamız da rəqiblərini Dublində tanıyacaq.

ölkəmizi püşkatmada AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avro-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev iştirak edəcəklər

55 komanda püşkatma öncəsi Millətlər Liqasındakı nəticələrinə görə 6 səbətə bölünüb. Bunlardan birincisi isə iki hissəyə ayrılıb. 1-ci səbətdə yer alan Millətlər Liqasının final mərhələsinə yüksələnlər digərlərindən fərqləndirilib. Bu 4 yığma 4 komandalı qrupda mübarizə aparacaq. 1-si səbətin digər 6 millisindən biri də belə qrupa düşəcək.

Digər səbətlərdən dördündə 10, sonuncu səbətdə isə 5 yığma qərarlaşıb. Azərbaycan millisi ötən tsikldəki kimi 5-ci səbətdədi.

Püşkatmada komandalar beşi 6, beşi isə 5 iştirakçı olan qruplara bölünəcək. Hər qrupda ilk iki yeri tutan yığma AVRO-2020-nin final mərhələsinə yüksələcək.

AVRO-2020-nin səbətləri

Millətlər Liqası səbəti:

Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiya

1-ci səbət:

Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Polşa

2-ci səbət:

Almaniya, İslandiya, Avstriya, Danimarka, Bosniya və Herseqovina, Rusiya, Ukrayna, Uels, İsveç, çexiya

3-cü səbət:

Finlandiya, İrlandiya, Şimali İrlandiya, Serbiya, Türkiyə, Slovakiya, Norveç, Şotlandiya, Bolqarıstan, İsrail

4-cü səbət:

Kipr, Estoniya, Litva, Sloveniya, Albaniya, Yunanıstan, Monteneqro, Gürcüstan, Macarıstan, Rumıniya

5-ci səbət:

Azərbaycan, Lüksemburq, Moldova, Ermənistan, Belarus, Cəbəllütariq, Qazaxıstan, Kosovo, Makedoniya, Farer adaları

6-cı səbət:

San-Marino, Andorra, Latviya, Lixtenşteyn, Malta

Kor püşkü sonradan səbətlər,  komandaların səpələnməsi ilə əvəzləyən UEFA artıq formalaşmaqda olan yeni ənənəni də davam etdirəcək. Söhbət müxtəlif komandaların eyni qrupa düşməsi ilə bağlı məhdudiyyətlərin tətbiqindən gedir.

Əgər əvvəllər ancaq münaqişəli ölkələrin yığmaları bir-birinə rəqib olmurdusa, artıq digər faktorlar da nəzərə alınır. UEFA final mərhələsinə ev sahibliyi edəcək ölkələrin millilərini bir-birindən ayırmaq üçün eyni qrupa 3 belə komanda salmayacaq. Həmçinin sərt qışı olan və uzaq səfərlər vəd edən ölkələrin də yığmalarına məhdudiyyətlər tətbiq olunacaq.

2019-cu ildə baş tutacaq seçmə mərhələnin oyun günləri

1-ci tur: 21-23 mart

2-ci tur: 24-26 mart

3-cü tur: 7-8 iyun

4-cü tur: 10-11 iyun

5-ci tur: 5-7 sentyabr

6-cı tur: 8-10 sentyabr

7-ci tur: 10-12 oktyabr

8-ci tur: 13-15 oktyabr

9-cu tur: 14-16 noyabr

10-cu tur: 17-19 noyabr

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.


 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest