Topaz Premyer Liqasının XIII turunun "Sabah" – "Neftçi" oyunu qonaqlar üçün uğursuz başlayıb. Matç.az saytı xəbər verir ki, hazırda davam edən qarşılaşmanın əvvəlində sarı vərəqə alan Tural Axundov cəzalı duruma düşüb.

Müdafiəçi öncə mövsümdə 4-cü dəfə xəbərdarlıqla cəzalanıb. Bu üzdən də Axundov növbəti turu buraxmalı idi. Lakin ilk yarının gedişində ikinci sarı vərəqəni alan müdafiəçi meydandan da qovulub. Elə buna görə də "Neftçi"nin oyunçusu 4 sarı deyil, qırmızı vərəqə üzündən cəzalı duruma düşüb.

O, "Sumqayıt"la ev matçında "istirahət edəcək". Mövsümün ilk yarısının sonuna 1 tur qaldığından Tural üçün çempionatın 2018-ci ilə aid hissəsi "Əlincə Arena"da başa çatacaq.

Qeyd edək ki, mövsümün bütün oyunlarında iştirak edən müdafiəçi I dövrədə "Zirə" və "Səbail", II dövrədə "Qarabağ"la matçda sarı vərəqə almışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest