“Kəpəz” həmin “Kəpəz”di. Son illər klub daxilindəki dedi-qoduların, qruplaşmaların sədası ölkə sərhədlərini də aşır. Rəhbərliyin yarıtmaz fəaliyyəti səbəbindən şanlı tarixi olan komandada nəticə yenə yoxdu, sanki bunların əsas missiyası çempionatda sürünmək, böyük hesabla uduzmaq, rəqiblərə xal paylamaqdı.

“Kəpəz” rəhbərliyi, İdarə Heyətinin sədri Adil Vəliyev və ətrafı bəlkə də razılaşmayacaq, amma ortada rüsvayçı statistika var - əsas komanda çempionatın 1-ci turunda “Sumqayıt”a 0:3, 2-ci turda “Karvan-Yevlax”a 2:3, əvəzediciləri isə ilk turda “Qəbələ”yə 0:4, 2-ci turda “Turan Tovuz”a 1:4 hesabı ilə uduzub.

Hesabat turunda isə əsas komanda və əvəzedicilər “Zirə” qarşısında rəzil olublar - 0:5.

6 oyunda vurulan 3, buraxılan 24 qol!  

Niyə belə oldu? Ötən mövsümə qayıdaq.

Adil Şükürov baş məşqçi postuna gətirilsə də, 4-cü turdan sonra uğursuzluğa görə istefaya göndərilir. Koma vəziyyətində olan komanda Azər Bağırova tapşırılır. Onun gəlişindən sonra “Kəpəz” toparlanır, rəqiblər üçün baş ağrısına çevrilir və məhdud büdcə ilə Premyer Liqada yerini qoruyur.

“Kəpəz” bu mövsümə yeni rəhbərliklə, yeni sponsorla başladı, amma yeni rəhbərliyin ilk işi Azər Bağırovun haqqını yemək oldu. Komanda xilasedicisi  - Bağırovla deyil, onu komaya salan məşqçi – Şükürovla müqavilə bağladı.

Maraqlıdı, başda Adil Vəliyev olmaqla, İdarə Heyəti “Kəpəz”ə gələnə qədər Şükürovun “uğur”unu görmürdü? Yanındakılara niyə sual vermədi ki, Adil güclü məşqçi idisə, niyə qovulurdu? 4 turdan sonra qovulubsa, niyə yenidən Gəncəyə qaytarıldı?

Nədi maraq, vaqonlarla transferlər edib, dövlətin ayırdığı dotasiyanı basıb yemək?

Normal idarəçilik, normal transferlərlə “Kəpəz” indi turnir cədvəlində sonuncu yerdə olmalı deyildi. Ən azından I Liqadan gələn  “Karvan-Yevlax” və “İmişli”dən öndə qərarlaşmalı idi. Hələ qarşıdakı turlarda “Araz-Naxçıvan”, “Qəbələ”, “Turan Tovuz”, “Qarabağ”la ağır oyunlar ki, bu görüşlərdə kənar müdaxiləsiz nəinki 3, heç 1  xal da qazanmaq real görünmür.

Heç Adil Vəliyev də görünmür. Halbuki, belə çətin dönəmdə azarkeşlərinə hörmət edən klub rəhbərliyi gizlənməli deyil, adam ortaya çıxıb, fanatlara vəziyyətlə bağlı izah verməlidi.

“Kəpəz”in dərdi böyükdü. Üzləşilən uğursuzluğun səbəbi isə yalnız nəticələrdən ibarət deyil, prosesin gedişindən də asılıdı. Hansı ki, həmin uğursuz proses Bağırovun “torba”sı tikilən gündən başladı.

Nə vaxta qədər davam edəcək, onu da Adilin biri bilsə də, digəri bilmir...

SAMİR

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest