Topaz Premyer Liqasında 2018/19 mövsümünün qış çempionu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, XIII turun "Sabah"la "Neftçi" arasında açılış oyunu 2018-ci ili zirvədə başa vuracaq komandanın adına aydınlıq gətirib.

2:1 hesabı ilə qalib gələn "ağ-qaralar" xal hesabını 32-yə çatdırıb. Bununla da "Neftçi" qış fasiləsinə lider kimi yollanacağını rəsmiləşdirib.

Turun digər 3 qarşılaşması, həmçinin gələn həftə keçiriləcək ilin son turu liderin mövqeyinə təsir etməyəcək. 2-ci sırada olan "Qarabağ" artıq "Neftçi"dən 8 xal geridədi. Bir oyun az keçirən ağdamlılar qış fasiləsinədək keçirəcəyi hər iki görüşdə qalib gəlsə də, ölkənin ən titullu klubuna çatmayacaq.

Sonuncu dəfə 2011-ci ildə - 2011/12 mövsümünün gedişində fasiləyə zirvədə yollanan "Neftçi" 7 ildən sonra qış çempionu olub. 2012-ci ildə "İnter", son 5 ildə isə "Qarabağ" yeni ili lider kimi qarşılamışdı. Ağdamlılar ardıcıl qış çempionluqlarını mövsümün sonundakı qızıl medallara qədər daşımışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest