Bu gün AFFA Klublar Komitəsinin iclası keçirilib. Matç.az saytının məlumatına görə, komitə sədri Kamran Quliyev daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Gündəlikdə duran məsələlərdən biri oyunların keçirilmə vaxtı idi. Əvvəlcə bu barədə məlumat verərdiniz...
- Bununla bağlı PFL-lə məsləhətləşdik. İstədik ki, həftəiçi oyunlarda müəyyən sistem olsun. Həmçinin, şənbə və bazar günləri üçün də fərqli saatın təyin edilməsi müzakirə olundu. Klublara uyğun vaxt olmalıdı. Bunda əsas məqsəd azarkeşlərin stadiona gəlməsidi. Məsələn, bazar günü matçları daha erkən vaxta təyin etmək məqsədəuyğundu. Təbii ki, hava şəraiti də nəzərə alınacaq
- "Qarabağ"ın Avropa Liqasında "Sportinq"lə matçına cəmi 5500 azarkeş gəlmişdi. Nəzərə alaq ki, hava da soyuq idi. Həftəiçi saat 9-da çempionat oyununa azarkeş gələrmi?
- Məcburiyyətdən ola bilər. Klubların təkliflərini nəzərə alıb, PFL-ə müraciət edəcəyik. Klubları maraqlandıran odu ki, azarkeş oyuna gəlsin. Bununla bağlı məşqçilər də öz aralarında məsləhətləşəcəklər. Yekun təklifi PFL-ə təqdim edəcəyik.
- Hakimlər Komitəsinin yeni sədri Fritz Ştuxlik də iclasda iştirak edirdi. Son vaxtlar kifayət qədər hakim səhvləri olur. Bu məsələ ilə bağlı hansısa müzakirə oldumu?
- Sədr daha çox 3 ay ərzində görülən işlər haqda məlumat verdi. Hakimlərin hazırlıq prosesi, testlər necə keçir... Hamısı UEFA, FİFA standartına uyğundu. Daha çox bunlar müzakirə olundu. Hakim səhvləri barədə fikir mübadiləsi nəzərdə tutulmamışdı. Hakim səhvləri ilə bağlı ötən həftədəki oyunla bağlı rəsmi mövqeyimiz olub. Fritz Ştuxlikin yeni təklifləri oldu. VAR sistemi haqda müzakirələr apardıq. Maliyyə və texniki baxımdan indi bizə uzaq görünə bilər. Amma artıq qonşu ölkələr də bu sistemə keçiblər. Türkiyə çempionatında bu sistem sayəsində nə qədər düzgün qərarların verildiyini özünüz də görürsünüz. Bunun effektliyini bütün dünya qəbul edir. VAR gələcəyin sistemidi. Bundan başqa oyunların protokollarını müvafiq şəxslər əllə doldururlar. Bu, yaxın gələcəkdə yığışdırılmalıdı. Bu sistemi elektron qaydada etsək, həmin şəxslərin səhv etmə ehtimalı azalar. Avropada bu sistemdən istifadə edirlər və protokolları elektron şəkildə doldururlar. Premyer Liqanın inkişafını istəyiriksə, bu sistemə keçməliyik. Bununla bağlı PFL-ə və ya AFFA-ya müraciət olacaq. Tender ola bilər ki, bununla müvafiq təşkilat tapılar.
- Klubların hesabatları bundan sonra rəsmi saytlarda yerləşdiriləcəkmi?
- AFFA-nın Lisenziyalaşdırma Qrupunun bizə verdiyi məlumata görə, klublar yeni ildən maliyyə hesabatlarını elektron şəkildə saytda yerləşdirməlidilər. Bunlar "A" meyarlı hesabatlardı. FİFA-nın, UEFA-nın tələbidi. Fərqin nədən ibarət olduğunu tam deyə bilmərəm. Əsas vaxt məsələsidi ki, buna sərt şəkildə nəzarət olunacaq. Əvvəllər klublara bir neçə günlük güzəşt edilirdi. Ancaq bu şərtlər indi sərtləşib. Klublar təyin olunan vaxta qədər maliyyə hesabatlarını verməlidilər. Bu, şəffaflığın qorunması üçün atılan addımdı. Klublar artıq Lisenziyalaşdırma Qrupu ilə yazışırlar, göndərilən sənədlər var. Bu proses adətən hər il martın sonuna kimi başa çatır.
- VAR sistemi, oyunların keçirilmə vaxtı, lisenziyalaşdırma məsələsi başadüşüləndi. Hakimlərin alt geyim dəstlərinin müzakirəsi o qədərmi vacibdi?
- İclasda ümumi geyim məsələsi müzakirə olundu. Bəzən hakimlərin geyimi komandaların formalarına bənzər şəkildə olur. UEFA da hakimin komandalardan seçilməsini tələb edir. üst geyim və corablar fərqli olmalıdı. Bəzən şort eyni rəngdə olur. Elə liqalar var ki, hakimlərin geyim dəsti tam eyni olur. İnanın ki, bu məsələnin müzakirəsi heç yarım dəqiqə çəkmədi.
- Adınız məşhur idman geyim firmaları ilə əməkdaşlıqda hallanır. Bu, doğrudumu?
- Mən "Sumqayıt"da da, "Neftçi"də də olanda çalışmışam ki, birbaşa istehsal edən təşkilatla işləyək. Hər iki klub da həmişə formaları təşkilatçılardan alıb. Bütün əlaqə birbaşa istehsalçılarla olub. Mən bu təşkilatları tanıyıram. Mən "Sumqayıt"da işləyərkən "Joma" şirkəti tərəfindən İspaniyaya dəvət alıb, ora getmişdim. Bu ilin martında isə "Macron" şirkətinin dəvəti ilə İtaliyada oldum. "Neftçi"yə növbəti mövsüm üçün kolleksiya təklif etmişdilər. Ancaq biz "Nike" ilə anlaşdıq. "Joma"nın mallarını isə birbaşa İspaniyadan aldıq. Vasitəçinin olmaması üçün birbaşa həmin şirkətlərlə işləyirik. Onlarla mənim münasibətim görünür bəzi qüvvələrə vasitədi. Mənim bütün fikrim futboldu. Məni tanıyanlar var, tanımayanlar da ola bilər ki, səhv fikrə düşüblər.
- Əslində, bu, çox vacib məsələdi. Bu il Premyer Liqanın 3, I divizionun isə 4 oyununda komandalara texniki məğlubiyyət verilib. Bu, Azərbaycan futboluna, klubların imicinə zərbədi. Təklif olundu ki, əlavə bir nəfərə də lisenziya verilsin. Amma o, məşqçiliyə, taktiki gedişatlara fikir verməsin, sadəcə inzibati işlərlə məşğul olsun. Avropa Liqasının Bakıda keçirilən qrup oyunlarında yəqin ki, görmüsünüz. Əvəzetmələri edənlər məşqçilər deyil. Bizdə isə ikinci məşqçi əvəzetmələrin düzgün edilməsinə cavabdehlik daşıyır. Anormal qərardı. Avropada bu təcrübədən çoxdan qaçıblar. Burda klubların marağı var. Klub milyonlarla pul xərcləyir, hansısa şəxsin səhvinə görə, bütün əziyyət havaya sovrulur. İnsanlar gəlir, stadion hazırlanır, oyun keçirilir, futbolçular tər tökür, əziyyət çəkir, sonda da texniki məğlubiyyət olur. Bu, kimə xoş gələr? Bu, bir dəfə olmadı. Əlavə bir nəfərə lisenziya verilməsi ilə bağlı PFL-ə müraciət elədik. Anlayışla qarşıladılar. Məncə, qış fasiləsindən sonra bunun tətbiqi mümkün olacaq.