"Zirə"nin futbolçusu Anar Nəzirov 40-cı dəfə meydana komandanın kapitan kimi çıxıb. Matç.az xəbər verir ki, bu yubiley Topaz Premyer Liqasının XIII turunun "Qəbələ" ilə səfər matçına təsadüf edib.
"Qartallar"ın tarixinə ən çox kapitanlıq edən futbolçu kimi düşən qapıçı bu oyunadək 39 dəfə görüşə sarğı ilə çıxmışdı.
"Zirə"nin heyətində 85 dəfə meydana çıxan Anar ilk dəfə 2015/16 mövsümündə bu vəzifəni icra edib. O, 2015-ci il noyabrın 28-də "Xəzər Lənkəran"la ev görüşündə (1:0) meydana kapitan kimi çıxıb. Bu 40 oyundan 36-sı Premyer Liqa, 4-ü UEFA Avropa Liqası çərçivəsində keçirilib. "Zirə"nin kapitanları arasında Anarın ən yaxın izləyiciləri hərəyə 21 dəfə bu etimadı qazanan Elvin Məmmədovla Rəşad Abdullayevdir.
"Qəbələ" ilə səfər oyununda 0:0 hesablı heç-heçəyə imza atan "Zirə" mövsümdə 3-cü dəfə qapısını toxunulmaz saxlayıb. Bu, rəqib meydanındakı ilk belə qarşılaşma olub. Belə ki, komanda əvvəlki 6 səfər qarşılaşmasında qapısını toxunulmaz saxlaya bilməmişdi.
ümumilikdə isə "Qartallar" klub tarixində 56-cı, səfərdə 28-ci dəfə meydanı qol buraxmadan tərk edib. Bu quru oyunlardan 35-i Premyer Liqa çərçivəsində keçirilib. "Zirə" 17-ci dəfə Premyer Liqadakı səfər oyununda qapısını toxunulmaz saxlayıb.