"İlin son oyunu idi. Xalla ayrılmaq istəyirdik". Matç.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.
Topaz Premyer Liqasının XIV turunda "Neftçi"nin qonağı olan komanda liderdən bir xal almağa müvəffəq olub - 0:0.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abbasov fikrini bu sözlərlə davam etdirib: "Futbolçular əzmkarlıq göstərdilər. Oyunçularımdan son matçlarda razıyam. Məşqlərdəki performansı oyunlarda da davam etdirirlər. Uşaqlara bildirdim ki, bu tempi saxlamaq lazımdı. Bir xal bizim üçün bu gün uğurdu. Rəqibi yaxşı analiz etmişdik. Lider komandadı. üstünlükləri var. İlk dəqiqələrdə əks-hücumlar zamanı qol vura bilərdik".
- Son dəqiqələrdə neçə müdafiəçi ilə oynayırdız?
- Son dəqiqələrdə sistemi dəyişdik. ümumilikdə 4-lü müdafiə ilə oynadıq. Arif Daşdəmirov sağ yarımmüdafiəçi kimi oynadı. Bəzən 6 müdafiəçi olurduq. "Neftçi" ikinci hücumçunu buraxmışdı, bütün qüvvə ilə irəli atılmışdı. İstəmirdim ki, futbolçuların əziyyəti hədər getsin. Müdaxilə etməli idim. Railin iki epizoddakı düzgün oyunu ilə gördük ki, doğru addım atmışam.