"Sumqayıt"la oyunda qələbə "Neftçi"yə hava-su kimi vacib idi. Həm qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq, həm də "Qarabağ"la 5 xallıq fərqi qorumaq üçün. Matçdan bir neçə saat əvvəl Ağdam klubunun "Zirə" üzərindəki qalibiyyəti də bakılılara əlavə təzyiq yaradırdı.
Petrov qayıtdı, Krivotsyuk yerinə keçdi
Kiril Petrovun dönüşü ilə "Neftçi"də müdafiədə bəzi dəyişikliklərə gedilmişdi. Ukraynalının yanında Slavko Braliç oynamalı, Anton Krivotsyuk isə sol cinaha keçməli oldu. Orta sahədəki ideal "üçlüy"ə (Soni Mustivar-Emin Mahmudov-Rəhman Hacıyev) dəyməyən Roberto Bordin cəzalı Baqali Dabonun boşluğunu Namiq Ələsgərovla doldurmuşdu. Qırmızı vərəqə cəzalısı Tural Axundov da "18-liy"ə salınmamışdı və müdafiənin sağında ömər Buludov yer almışdı. Dario Frederiko ilə Mirabdulla Abbasov da həmişəki amplualarında idi.
"Neftçi" 4-3-3 sxemi ilə meydana çıxmışdısa, qonaq komanda "Sumqayıt"da Ayxan Abbasov 5-4-1-ə üstünlük vermişdi. Müdafiənin mərkəzindəki Şəhriyar Əliyev-Vurğun Hüseynov-Bəxtiyar Həsənalızadə "trio"su yenidən iş başında idi. Müdafiənin solu Yusif Nəbiyevə tapşırılmışdısa, əks cinahda Süleyman Əhmədov oynayırdı. Əli Babayev müdafiəçilərin önündə rəqib hücumlarına ilk "sipər" olmalı, oyunquruculuğu funksiyasını Aleksey İsayev yerinə yetirməli idi. Sol və sağ cinahda müvafiq olaraq Cavid Tağıyevlə Əfran İsmayılov, hücumda isə Atilla Yıldırım rəqib qapısına ən yaxın oyunçular idi.
Qonaqlardan fəal start, ev sahiblərinin uğursuz axtarışları
Matçın əvvəlləri gözlənilmədən qonaqların nəzarətində keçdi. Abbasovun yetirmələri son ötürmələrdə dəqiq oynaya bilsəydi, erkən qol da vurardılar. Lakin oyunçuların öndə anlaşma problemi yaşamaları buna mane oldu. Rəqibin 10 dəqiqəlik üstünlüyünə son qoyan "Neftçi"də Dabonun yoxluğunda əsas yük mərkəzdə Rəhmanın və sağda Darionun üzərinə düşürdü. Lakin Bəxtiyar-Yusif-Cavid-Aleksey "kvarteti" həmin cinahı "iflic" etmişdi. Namiq isə formadan uzaq olduğundan, gənc Süleyman Şəhriyarın da dəstəyi ilə onu zərərsizləşdirmişdi. "Sumqayıt" oyunun gedişinə görə bəzən 5-3-2-yə, bəzən də 3-6-1-ə keçirdi. İlk hədəfi qapının toxunulmazlığını qorumaq olan sumqayıtlılar topa sahib olan kimi, müdafiədən uzun ötürmələrlə Atillanı axtarırdılar. Türkiyəli arxası rəqib qapısına tərəf topu sinəsi ilə endirib, komanda yoldaşlarının hücuma çıxmalarına şərait yarada bilirdi. Ancaq "gənclik şəhəri" təmsilçisi irəlidə çoxala bilmirdi. Əfran əksər vaxtlarda Antonu özü ilə mərkəzə çəkərək sağ cinahı Süleyman üçün boş dəhlizə çevirsə də, gənc oyunçu bundan yararlana bilmirdi.
"Neftçi"də Emin-Rəhman ikilisi orta sahədə fəallıq nümayiş etdirirdi. Amma bu da rəqibin ikiqatlı müdafiə xəttini yarmaq üçün kifayət deyildi. çünki meydan sahibləri əvvəlcə rəqibin kompakt şəkildə qapanmış yarımmüdafiəsini keçmək məcburiyyətində qalırdı. Bu da "Sumqayıt"lı müdafiəçilərin işini azaldırdı. Belədə ev sahibləri Rəhmanın uzaq məsafədən zərbələrinə və standart vəziyyətlərə möhtac qalırdı. Xüsusən də, kornerlər zamanı "Sumqayıt"ın uzun boylu müdafiəçiləri zərbəyə imkan vermirdilər.
"İkinci mərtəbə"də qarşılıqlı sayıqlıq
Maraqlıdı ki, "Sumqayıt"da Əfranla Cavid yerlərini dəyişən kimi, qarşı tərəfdə də Dario ilə Namiq eyni addımı atdılar. Abbasovun kollektivi ilk hissədə bütünlüklə müdafiə olunmurdu. Sadəcə, topa sahib olduqları zaman geridə bir neçə oyunçusunu saxlamaqla əks-hücumdan yaxalanmaq riskini minimuma endirirdi. Azarkeşlər nisbətən sürətli tempdə görüş izləsələr də, oyun keyfiyyəti aşağı olduğundan, hər iki komanda qapı qarşısında varlıq göstərə bilmirdi. Bölgə təmsilçisinin künc zərbələri təhlükəli sayılmalı idi. Lakin belə anlarda irəli çıxan ucaboy mərkəz müdafiəçiləri "ikinci mərtəbə"də uduzurdular.
"Neftçi" yalnız hissənin sonlarında təzyiqi artırmaqla rəqibi təşvişə salmağı bacardı. Komanda mərkəzdən heç nə edə bilmədiyindən, cinah asmalarına üstünlük verməyə başladı. Ancaq burda da rəqibin uzunboylu müdafiəçilərinin sayıq oyunu, bəzən isə Mehdi Cənnətovun çıxışda səhvsiz olması təhlükəyə imkan vermirdi. "Sumqayıt" fasilə ərəfəsində sürətli əks-hücumlar yaratmağa müvəffəq olurdu. Aleksey bu mənada fəallığı ilə seçilsə də, önündəki komanda yoldaşları onu başa düşə bilmirdilər. Nəticədə sürətli hücumlar yarımçıq kəsilirdi.
10 saniyənin hökmü...
İkinci hissə də eyni ssenari ilə başladı. İlk dəqiqələrdə "Neftçi" öz oyununu "tapa bilməsə" də, getdikcə nəzarəti əlinə götürdü. Qonaq komandanın ön xəttindəki "3-lük" birinci hissədəkindən zəif görünürdü. Xüsusən də, Əfran İsmayılovun aşağı səviyyədə performansını vurğulamaq lazımdı. Əvvəlki sürətindən əsər-əlamət qalmayan, təkbətək mübarizələr zamanı cəsarətli görünməyən milli üzvü fiziki cəhətdən də çatdırmırdı. Yeganə üstün cəhəti tez-tez mərkəzə çəkilərək İsayevə kömək etməsi idi. Atilla isə fasilədən sonra artıq müdafiə xəttinin arxasına uzun ötürmələr tələb edirdi. Ancaq mərkəz müdafiəçiləri belə anlarda ona heç bir imkan vermirdilər.
Dabosuz "Neftçi" irəlidə çox dişsiz görünürdü. Mirabdulla oyun üslubuna görə rəqibin 3-lü müdafiəsinin arasında itib-batmışdı. Bəxtiyar, Vurğun və Şəhriyarın fiziki üstünlüyü Abbasova hərəkət imkanı yaratmırdı. Belə məqamda nisbətən hündürboylu, fiziki göstəriciləri yüksək hücumçuya ehtiyac duyulurdu. Bordinin ixtiyarında isə bu kriteriyalara yalnız Kvame Karikari cavab verirdi. İtaliyalı mütəxəssis 65-ci dəqiqədə qanalı forvardı Darionun əvəzinə meydana buraxdı. Halbuki bu dəyişiklikdən 10 saniyə əvvəl braziliyalı fərdi ustalığı hesabına ilk real qol vəziyyətini yaxaladı. Rəqibin 4 müdafiəçisini aldadan Darionun gözəl qola imza atması üçün zərbəsində dəqiqlik çatmadı. Əvəzləmə "Neftçi"nin oyun sistemini də dəyişdi. Komanda artıq 4-4-2-yə keçdi və iki mərkəz hücumçusu ilə oynamağa başladı. Belədə Rəhman yarımmüdafiənin sağ cinahına çəkildi. Ev sahibləri irəli atıldığı zaman bu sistem bəzən 4-3-3, bəzən isə 4-2-4-ə çevrilir, Namiq-Rəhman cütlüyündən ən azı biri hücumçu kimi oynamağa başlayırdı.
Abbasov Bordini zərərsizləşdirdi, hədəfə 7 müdafiəçi ilə çatdı
Ayxan Abbasov həmkarının bu addımına dərhal əks həmlə ilə cavab verdi. O, rəqibin hücumun mərkəzində çoxluq təşkil etməsinin qarşısını almaq üçün ikinci dayaq yarımmüdafiəçisi Xəyal Nəcəfovu "döyüşə" atdı. Belədə İsayev əvəzlənən Tağıyevin yerinə - sol cinaha keçdi. "Sumqayıt"ın ön xətt oyunçularının sayının azalması Krivotsyukun artıq müdafiədən çox hücumda görünməsinə yol açmışdı. Əfranın da o cinahda təhlükə təşkil etmədiyini görən Bordin sağ cinahdan hücumlar olan zaman Antonun cərimə meydanına girməsini və hava ötürməsi gözləməsini tələb edirdi. Belə olduqda Mahmudov soldakı boşluğu doldurmalı olurdu. Ancaq nə Krivotsyuk, nə də Karikarinin boyunun uzun olması cinah asmaları zamanı bir işə yarayırdı. Təzyiqin artdığını görən Ayxan Abbasov son dəqiqələrdə daha iki müdafiəçini - Arif Daşdəmirovla Rail Məlikovu da oyuna qoşdu. Bununla "Sumqayıt"ın bütün müdafiəçiləri artıq meydanda idi. Komanda 4 mərkəz müdafiəçisi ilə çıxış edirdi. Yusif Nəbiyevlə Süleyman Əhmədov da cinahları bağladığından, 6 müdafiəçili sistemə keçmişdi. Daşdəmirov isə sağ cinah yarımmüdafiəçisi kimi oynamalı, əks-hücumlar zamanı irəli şığımalı idi. Son dəqiqələri 6-3-1-lə keçirən "Sumqayıt"da Aleksey İsayev hücumun mərkəzinə çəkilmişdi. "Sumqayıt"da əsl mövqeyi müdafiəçi olan 7 futbolçu və 2 dayaq yarımmüdafiəçisi meydanda idi. Buna baxmayaraq, komanda hətta qol da vura bilərdi. Əlavə olunmuş dəqiqələrdə "Neftçi" tamamilə hücuma aludə olduğudan, qonaqlar onları cəzalandırmaq üçün fürsət əldə etdi. Ancaq irəlidə keyfiyyətli oyunçuların olmaması sürətli əks-hücumların məntiqi sonluğa çatmasının qarşısını alırdı. Belə məqamlarda cinahlar irəli çıxır, mərkəz müdafiəçilər isə bir xətt üzrə "yayılaraq", sistemi 4-lü müdafiəyə çevirirdilər. Son saniyələrdə Rail Məlikov kritik müdaxilə ilə qola mane olmaqla baş məşqçinin liderdən 1 xal almaq istəyini gerçəkləşdirdi. Nəticədə 0:0 hesabı "Sumqayıt" üçün qələbəyə bərabər oldusa, "Neftçi" çempionluq yolunda böyük zərbə aldı.
Ruslan SADIQOV