Portuqaliya yığmasının Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan, Serbiya və Lükemburq millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti sabah açıqlanacaq. Matc.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. Baş məşqçi Fernando Santosun qarşıdakı toplanışa 25-26 futbolçunu dəvət etməsi gözlənilir. Artıq təxmini siyahı da məlumdur.

Portuqaliyalı həmkarlarımızın fikrincə, baş məşqçi üç qapıçıya dəvət göndərəcək. Əsas namizədlər isə Rui Patrisio, Entoni Lopes, Xose Sa və Rui Silvadır. Rafael Gerreyro isə zədəli olduğu üçün bu dəfə milliyə dəvət almayacaq.

Müdafiəçilərdən Nelson Semedo, Joao Kanselo, Pepe, Ruben Dias, Xose Fonte və Mario Ruinin milliyə dəvət alması şübhə doğurmur. Ruben Semedo, Dominqes Duarte, Rikardo Pereyra, Sekeyra, Nuno Mendes kimi yeni adların da siyahıda yer alması ehtimalı var.

Fernando Santosun yarımmüdafiə xətti ilə bağlı daha çox seçim şansı var. Ruben Neves, Danilo, Uilyam Karvalyo, Joao Moutinyo, Bruno Fernandes, Serjio Oliveyra və Renato Sançes son toplanışlarda olduğu kimi, bu dəfə də milliyə əsas namizədlərdir. Bu siyahıya Joao Mario, Pitsi və Andre Qomesin də əlavə edilməsi ehtimalı var. "Sportinq"dən Palinyanın da qarşıdakı oyunlar üçün milliyə çağırılması istisna edilmir.

Hücum xəttində zədəli Paulinyonun əvəzində Andre Silvanın milliyə çağırılacağı ehtimal olunur. Kristiano Ronaldo, Joao Feliks, Bernanrdo Silva və Dioqo Jotanın yığmanın heyətində yer alacağı isə dəqiqdir. Bu siyahıya Fransisko Trinkao və Pedro Netonun da əlavə olunması gözlənilir.

Qeyd edək ki, Portuqaliya yığması koronavirus pandemiyasına görə tətbiq olunmuş məhdudiyyətlərə görə Azərbaycan yığmasını martın 24-də Turində qəbul edəcək. Daha sonra bu komandanın martın 27-də Serbiyaya, üç gün sonra da Lüksemburqa səfər oyunları gözləyir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest