Almaniya polisi Mayndakı Frankfurt şəhərində yerləşən Almaniya Futbol İttifaqının qərargahında axtarış aparıb. İyulun 1-də reallaşan istintaq tədbirləri 2024-cü il Avropa çempionatının təşkili zamanı mümkün korrupsiya araşdırması çərçivəsində baş tutub.

Matc.az xəbər verir ki, əməliyyatda 150 müstəntiq iştirak edib.

Axtarışlar turnirə ev sahibliyi edən 9 şəhərin - Gelzenkirhen, Dortmund, Düsseldorf, Köln, Hamburq, Berlin, Mayn-Frankfurt, Ştutqart və Münhen administrasiyalarında da həyata keçirilib. AVRO-2024-ün keçirilməsi üçün yaradılmış "Euro 2024 GmbH" şirkətində də yoxlamalar aparılıb.

Bildirilir ki, araşdırma matçlara biletlərin qanunsuz paylanmasında və dəvətlərlə bağlı xidmətlərin qəbulunda şübhəli bilinən iki nəfərə qarşı aparılır. Ehtimal olunan rüşvətin məbləği təxminən 2400 avro təşkil edib.

Şimali Reyn-Vestfaliya torpağının daxili işlər naziri Herbert Royl məsələyə sərt reaksiya verib: "Futbol bileti maaşın bir hissəsi deyil. Dövlət qulluğunda olub rüşvət təmənnası güdən hər kəs bizim gəlişimizi gözləyə bilər. Avropa çempionatı kimi böyük tədbirlər insanların idmana və onları təşkil edən hakimiyyət orqanlarına olan etibarından asılıdır. Bir neçə dəvətnamə və biletə görə bu etimadın sarsılmasına icazə verməyəcəyik".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest