"Bu, sıradan bir oyun deyil". Matc.az xəbər verir ki, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos Dç-2022-nin seçmə mərhələsində Azərbaycan, Serbiya və Lüksemburla keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

Portuqaliya yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 24-də Azərbaycan yığmasını qəbul edəcək. Az öncə milliyə çağırılan 25 futbolçunun adını açıqlayan çalışdırıcı bildirib ki, seçmə mərhələnin startındakı 3 qarşılaşma həlledici olacaq: "Bu görüşlər mundiala vəsiqənin başlanğıcını qoyacaq. Hazırda mənə aktual görünən yeganə məqam budur. Başqa alternativ variant görmürəm. Mayda Avropa çempionatının final mərhələsinə hazırlaşacağıq. Amma həmin turnirin seçmə mərhələ ilə heç bir əlaqəsi yoxdur. Düzdür, sıx qrafikdə oynamalı olacağıq. Amma bəhanə axtarmağın mənası yoxdur. Qarşıda 3 xal qazanmalı olduğumuz oyunlar var. Bunlar qrupdan çıxmaq üçün əsas matçlardır. Heyətdə yeni futbolçular olduğundan bütün diqqətimizi bir yerə cəmləşdirməliyik". 

Mütəxəssis Azərbaycan seçməsini Portuqaliyada deyil, İtaliyada qəbul edəcəkləri üçün təəssüfləndiyini bildirib: "Oyunların hamısı Portuqaliya xaricində keçiriləcək. Təəssüf ki, ilk görüşümüzü burada deyil, İtaliyada oynayacağıq".

Qeyd edək ki, martın 24-də oynanılacaq Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Bu oyundan 3 gün sonra Belqradda Serbiya ilə üz-üzə gələcək pireneylilər martın 30-da Lüksemburqun qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest