Bərbad idarəçilik, keyfiyyətsiz transferlər səbəbindən uzun müddətdi "Qarabağ"ın tozuna belə çata bilməyən "Neftçi" Premyer Liqanın XXIV turunda da xal itirdi. Qızıl uğrunda əsas rəqibinin "Qəbələ"ni 5 cavabsız qolla darmadağın etdiyi bir vaxtda "ağ-qaralar" "Sabah" qarşısında büdrədilər və finişə 4 tur qalmış "Qarabağ"la xal fərqi yenə üçə çatdı.

Meydan sahiblərinin 3 futbolçusunun "qırmızı" aldığı görüşü 1 xalla tamamlamaq paytaxt təmsilçisi azarkeşlərinin haqlı narazılığına səbəb oldu. Fanatlar illərdi yağ-bal içində üzən komandadan çempionluq, avrokuboklarda uğur gözləyirlər. Amma bu istək yarıtmaz fəaliyyət ucbatından elə istək olaraq qalır.

"Neftçi"nin son çempionluğundan az qala 10 il ötür, qitə miqyasında "Uypeşt" faciəsi" kimi rüsvayçı "peçat"ı var və bütün bu uğursuzluqların başında klub prezidenti Kamran Quliyev durur. Məhz onun razılığı, xeyir-duası ilə gətirilən baş məşqçilər azarkeşlərin istədiyi nəticəni verə bilmir. Komandanı zirzəmidən çıxarıb mükafat qazandıran Tərlan Əhmədovla müqavilə uzadılmır, əvəzində yüzminlər verib gətirdiyi Roberto Bordin, Füzuli Məmmədov yartımaz fəaliyyətinə görə qovulur.

"Neftçi" azarkeşlərinin narazı qaldığı bir vaxtda baş məşqçi Samir Abasov da yaxasını cırıb, giley-güzar edir. O, "Sabah"la qarşılaşmadan sonra "Neftçi"nin çempionatda yalnız 1 komandaya qarşı mübarizə aparmadığını deyib. Sözlərindən belə çıxır ki, "Sabah" digər rəqiblərlə müqayisədə "Neftçi"yə qarşı var gücü ilə oynayır.

Bəhanəyə bax... Abasov vaxtilə "Zirə" və "Sumqayıt"da çalışdığını, bu komandalarla "Neftçi"də xal aldığını nə tez unutdu?

8 futbolçu ilə oynayan rəqibə qol vura bilməmək, hətta məğlubiyyətdən qaçan iddialı bir klubun çalışdırıcısı şou göstərib, "vaxtı uzadır, ver "qırmızı"nı, rədd elə" deməməlidi. özündən başqa hamını günahlandırmaq, sadəcə ayıbdı. Normalda məşqçi azarkeşlərinə hörmət qoyub, onlardan üzr istəməlidi. Belə bəhanələr "Neftçi"ni də, Abasovu gülünc hədəfinə çevirir...

"Neftçi" sponsorları isə bəhanələr axtarmaq əvəzinə fanatlarını sevindirmək üçün çarə axtarmalıdı. Elə "Var gücü ilə" filminin qəhrəmanı kimi...

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest