Aprel bir çox idman növlərində Avropa çempionatları üçün zəngin ay olsa da, Azərbaycan boksu əsas yığma səviyyəsində kölgədə qaldı. Düzdü, gənc dəri əlcək ustaları Polşada təşkil olunan dünya birinciliyinə qatıldılar ki, 9 idmançımızdan yalnız biri - 49 kq çəkidə mübarizə aparan Nicat Hüseynov bürünc medal qazanmağı bacardı.

Əsas millinin üzvlərindən isə uzun müddətdi ciddi nəticə yoxdu. Komandamız sonuncu dəfə martda Türkiyənin İstanbul şəhərində "Boğaziçi" turnirinə qatılmışdı. Amma yığmamız hətta nüfuzlu sayılmayan bu yarışda qızıl medala həsrət qaldı. Məsud Yusifzadə (52 kq), Cavid çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) gümüş, ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) bürünc medalla kifayətləndi.  

Hazırda isə Azərbaycan boksu adına gündəmdə millimizin ən "məşhur" siması Lorenso Sotomayordu ki, o da sosial şəbəkədə spirtli içki, pivə nümayiş etdirməklə məğşuldu. Azərbaycan yığmasına böyük ümidlərlə transfer edilən kubalı legioner Rio Yay Olimpiya Oyunlarında mükafat qazansa da, artıq 5 ildi hansısa ciddi uğura həsrətdi. Bu müddət ərzində yerli idmançılar arasında fərqlənən yalnız Kamran Şahsuvarlıdı.

Halbuki, Kəmaləddin Heydərov 2009-cu ilin əvvələrində Azərbaycan Boks Federasiyasının prezidenti seçildikdən sonra ölkəmizdə bu idman növünün daha populyar olacağı, inkişaf edəcəyi gözlənilirdi. Amma görünən odur ki, görülən iş təkcə millliyə legioner dəvət etməkdən ibarətdi: ölkədə boksçu yetişmir. Azərbaycan adına qazanılan azsaylı uğur isə legionerlərin "əlcəy"inə yazılıb.

Belə ki, Rio Olimpiadasında sonra boks yığmamız ən böyük uğurunu əcnəbilər qazanıb. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında millimizin dağıstanlı legioneri Yelena Vıstropova qızıl, ukraynalı legioner Anna Əlimərdanova isə gümüş medala sahib çıxıb. Aynur Rzayeva və Leyla Cavadova isə üçüncü yeri tutublar.

Bir il sonra kişilərin Avropa çempionatında qazancımız cəmi 1 gümüş medal olub ki, onu da Şahsuvarlı qazanıb.  

Kamran 2017-ci il Hambuqrda keçirilən dünya çempionatında da fəxri kürsüyə yüksəlməyi bacarıb. Onun bürünc qazandığı yarışda millimizin digər dağıstanlısı Məhəmmədrəsul Məcidov çempion olmuşdu.  

Növbəti Avropa çempionatında Azərbaycan medallara legionerlərin hesabına sahib çıxıb. Belə ki, 2019-cu ilin iyununda Minskdə təşkil olunan turnirdə Alfonso Dominqez 1-ci, Lorenso Sotomayor üçüncü olmuşdu.

2019-cu il oktyabrında Yekaterinburqda keçirilən dünya çempionatında isə yığmamız fiaskoya uğrayıb. Millimizin 8 üzvündən heç biri medal qazana bilmədi.

ARAZ

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest