“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Çətin olacağını bilirdik. Rəqib bizdən daha gümrah idi. Buna baxmayaraq, mübarizə apardıq. İlk qol bizi tələsdirdi. Yolumuza davam edəcəyik. Qarşıda üç oyun var, sona qədər mübarizə aparacağıq.
 
- Futbolçularda sanki psixoloji yorğunluq da var idi…
- Fiziki yorğunluq olanda psixoloji çətinliklər də olur. Alınmayanda alınmır. Bədən yorğun olanda aqressiya da olur. Həqiqətən, 3-4 gündən bir oynamaq çətin olur. Bu, bəhanə deyil, dözməliyik. Bu məğlubiyyətdən dərs çıxarmalıyıq.
 
- Camaləddin Xocaniyazovun qırmızı vərəqə aldığı epizodla bağlı nə deyə bilərsiz?
- Məncə, bir az sarı vərəqə çox oldu. Nə olur olsun, meydanda dözmək lazımdır. Bu oyunla iş bitmir. Onsuz da heyətimiz kasaddır. İtkilər bizə problem yaradır. Nəsə alınmayanda, səbrli olmaq lazımdır. İlk dəqiqələrdən sarı vərəqələr çox oldu. Xocaniyazovun ikinci “sarı”sı oyun epizodunda olmamışdı. Meydanda sarı vərəqəli futbolçu çox idi. Risk etməliyik. Bəzi hücumlarımız Camalla alınır. Onu da hücuma qoşmaq istədik. Futbolda belə şeylər olur.
 
- Mövsümü titulsuz başa vursaz, avrokuboklara vəsiqə qazana bilməsəz, əziyyətinizin yerə düşdüyü üçün heyifslənəcəksiz?
- Biz qarşımıza hədəf qoymamışıq ki, mütləq Avroliqaya getməliyik. Mən də istəyirəm ki, futbolçularımızın əziyyəti yerdə qalmasın. Bizi təhlükə gözləyir, avrokuboklara getməyə bilərik. Mən bu çətinlikləri, problemləri bilirdim. Bunu bilə-bilə komandada qalmışam. Büdcəmiz budur, bundan artığını edə bilmərik. Mən də istəyərəm ki, heyət geniş olsun. Ona görə hər zaman deyirəm ki, mənim qarşıma nə vaxtsa şərt qoyulsa, mən də şərt qoyacam. Rəhbərliklə əvvəldən bunları danışmışıq. Mövsümün sonunda avrokuboklara gedə də bilərik, getməyə də. Müqavilə ilə bağlı hələ danışıqlara başlamamışıq. Bütün fikrimiz son oyunlardadır. Mövsüm bitəndən sonra danışacağıq. Alınacaq qalacağıq, alınmayacaq qalmayacağıq.
 
- Kubok, yoxsa Premyer Liqa?
- Kubokun yarımfinalının “Qarabağ”la ilk oyununda sırf Premyer Liqa haqda düşünürdük. Lakin bu oyunun nəticəsi imkan verdi ki, risk edək. Sonra “Zirə”dən xalla ayrıldıq. Kubokun cavab matçında vuruşmalıydıq və alındı, finala yüksəldik. Çempionatda sona 3 oyun qalıb, bunu fikirləşmək məcburiyyətindəyik. Onsuz da kubokun finalı sondadır. Qarşıdakı üç oyunda çox diqqətli olub, mübarizə aparacağıq.
 
- “Qarabağ”ı keçdiyiniz üçün mükafat almalı idiz, verilib? “Keşlə”nin prezidenti Zaur Axundovun komandasına kuboku qazanmağa böyük mükafat vəd etdiyi deyilir...
- Xeyr, hələ mükafat almamışıq. Çempionatın elə dönəmindəyik ki, futbolçuların motivasiyası qalxmalıdır. Bizə də söz verilib, inanırıq ki, rəhbərlik son oyunlarda futbolçulara motivasiya verəcək. Digər klublar haqda danışmaq istəmirəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest