Premyer Liqanın XXVI turunda “Zirə” “Qəbələ”ni qəbul edirdi. Matc.az saytı xəbər verir ki, bu oyun qonaqlar üçün formal xarakter daşıyırdısa, paytaxt təmsilçisi avrokuboklara vəsiqə yolunda mütləq qələbə qazanmalı idi.
 
Premyer Liqa
XXVI tur

“Zirə” – “Qəbələ” – 0:0
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k) (11. Klesio Bauk, 77), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç (77. Cəlal Hüseynov, 46), 17. Rodriqo Bonqonqui, 14. Fakundo Melivilo (4. Elvin Camalov, 46), 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi (7. Roman Hüseynov, 90), 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov (70. Ülvi İsgəndərov, 72), 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 88. Gülağa Əsədov
Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
9 may 2021. Zirə İdman Kompleksinin stadionu, tamaşaçısız
 
Bir gün əvvəl “Sumqayıt”ın qələbəsi “Zirə”ni də 3 xal qazanmağa vadar edirdi. Əks təqdirdə, komanda sona iki tur qalmış 3-cülüyü əldən verəcəkdi. Ölkə kubokundan dramatik şəkildə vidalaşan Rəşad Sadıqovun yetirmələri işi şansa buraxmamaq üçün mövqeyini itirməməli idi. Çünki “Keşlə”nin kubokda finala yüksəlməsi 4-cü pillənin sahibinə Konfrans Liqasına vəsiqə təminatı vermirdi.
 
Həm “Zirə”, həm də “Qəbələ” üçün 2021-ci ili heç də uğurlu saymaq olmaz. Hər ikisi il ərzində Premyer Liqada keçirdiyi 12 matçda cəmi 2 qalibiyyət əldə etmişdi. Maraqlıdı ki, komandaların son qələbəsi də eyni günə təsadüf edib. Fevralın 25-də keçirilən XVII tur matçlarında “Zirə” “Neftçi”ni, “Qəbələ” isə “Sumqayıt”ı 1:0 üstələmişdi. Bakılılar heç olmasa son 8 görüşün 6-da heç-heçə ediblər və yalnız “Qarabağ”la “Neftçi”yə uduzublar. “Qəbələ”nin builki göstəriciləri daha bərbaddı. Çünki buna qədər 3 bərabərliklə kifayətlənən Elmar Baxşıyevin yetirmələri 5 dəfə yeniliblər ki, bunun 3-ü son üç tura təsadüf edib. Hər iki komanda son dövrədə ilk qələbəsini qazanmaqla tilsimi qırmaq niyyətində idi.
 
Bir tur əvvəl lider “Qarabağ”la heç-heçə zirəlilərdə motivasiya yaratmışdı. Rəşad Sadıqov həmin görüşlə müqayisədə heyətdə 2 dəyişikliyə əl atmışdı. Elvin Camalov və Klesio Bauku ehtiyatda saxlayan gənc mütəxəssis onların əvəzində İlkin Muradovla Rodriqo Bonqonquiyə güvənmişdi. Elə “Qəbələ”də də bənzər hal yaşanmışdı. Hərçənd Baxşıyevin əlinin altında elə geniş heyət də yoxdu ki, ciddi islahat aparsın. Yusif Nəbiyevin yerinə gənc Rüfət Əhmədov müdafiənin cinahında qərarlaşmışdı. Qırmızı vərəqə cəzalısı Merab Qiqaurini isə Stefan Vukçeviç əvəzləmişdi.
 
Diqqət çəkən məqam hər iki komandanın bənzər oyun düzülüşü və sistemi ilə meydana çıxması idi. Tərəflər 4-2-1-3 sxemini seçmişdi ki, bu da baş məşqçilərin daha çox hücumu düşündüyünü göstərirdi. Ev sahiblərində ötən turda “Qarabağ”la matçda fərqlənən Fakundo Melivilo, qonaqlarda isə Nikolas Raysel pleymeyker funksiyasını icra edirdilər. Oyunun axarına uyğun onlar bəzən hücumun dərinliyinə qədər irəliləyib ikili mərkəz hücumçusu formalaşdırırdı. Ümumilikdə hər iki komandanın irəli “dördlüy”ündə tez-tez yerdəyişmələr müşahidə olunurdu. Yalnız mərkəz hücumçular Davit Volkovla Ceyms Adeniyi mövqelərini dəyişmirdilər.
 
Sadıqov və Baxşıyevin sistemi sürətli futboldan xəbər verirdi ki, görüş məhz belə başladı. Futbolçular topa sahib olan kimi hücumçuları axtarır, dərhal sürəti artırırdılar. Ancaq sanki komandalar qol vurmağa tələsirdilər. Düşünülməmiş, necə gəldi hücum cəhdləri tempi yüksək saxlasa da, müdafiəçiləri narahat etmirdi. Geridən oyun qurmaq baxımından “Qəbələ” nisbətən səliqəli çıxış edirdi. Bu da Asif Məmmədovun üzərinə düşən işi layiqincə görməsindən qaynaqlanırdı. Ondan fərqli qarşı tərəfdəki həmkarı Riçard Almeydanın əvvəlki formasından çox-çox uzaq olduğu aşkar görünürdü. Müdafiədə etibarlı görünən komandalar pressinqlə rəqibin geridən çoxgedişli ötürmələrlə hücuma çıxmaq cəhdlərinə mane olurdular. Futbolçular topla cəld rəftar etmələrinə baxmayaraq, kor-koranə həmlələr aşağı keyfiyyətdən xəbər verirdi. Bu cür yüksək temp fonunda ilk 45 dəqiqə ərzində qapıçıların bir dəfə də olsun narahatlıq keçirməmələri buna sübutdu. Yalnız hissənin sonlarında irəlidə müəyyən mənada canlanma da heç nəyi dəyişmədi.
 
Oyunun bu cür gedişinə qəbələlilərin hansısa etirazı ola bilməzdi. Hər halda heç bir iddiası qalmayan futbolçuları yalnız mövsümü tezliklə başa vurmaq maraqlandırır. Amma “Zirə”nin xal itkisi təkcə bürünc medalı yox, Konfrans Liqasına vəsiqəni də təhlükə altına atırdı. Elə bu üzdən Rəşad Sadıqov oyunda dönüş yaratmaq üçün ikinci hissəyə əvəzləmələrlə başladı. Nemanya Andelkoviç zədələndiyi üçün fasilədən sonra meydana çıxmadısa, Elvin Camalovun döyüşə atılması orta sahəni ələ keçirmək istəyindən irəli gəlirdi. Bu gedişat müəyyən mənada uğurlu oldu. “Zirə” artıq daha təhlükəli həmlələrlə rəqib müdafiəsini gərginlikdə saxlayırdı. Lakin qarşılaşmada ilk real qol vəziyyətini görmək üçün 69 dəqiqə gözləmək lazım gəldi. Onda da hansısa kombinasiyalı hücum yox, rəqibin hədiyyəsi ev sahibləri üçün qol epizodu yaratdı. Amma Yurgen Qoxanın hədiyyəsindən sonra qapıçı ilə üzbəüz qalan Volkovun zərbəsi Tərlan Əhmədliyə sanki ötürmə oldu. Bu epizod “Qəbələ” futbolçularında təşviş yaratdı. 10 dəqiqə çəkən bu pərakəndə oyun zamanı qəsəbə təmsilçisi daha 2 real qol şansı yaratsa da, hər iki halda Tərlan Əhmədli komandasını xilas etdi.
 
Bu dəqiqələrdə qonaqların hücum və orta xətti sanki oyundan qopmuşdu. Futbolçular olduqca yorğun görünür, topu itirdikdən sonra geri çəkilib müdafiəçilərə kömək etməyə taqətləri qalmamışdı. Xüsusən də, Rafael Utriqin çatdırmaması əks-hücumlar zamanı “Qəbələ”nin təhlükəli olmasına imkan vermirdi.
 
Son dəqiqələrdə hər iki komanda müdafiəni artıq ikinci plana atdı. Hiss olunurdu ki, tərəflər heç-heçə ilə barışmaq istəmirlər. 7-8 dəqiqə çəkən bu həyəcanverici mübarizə zamanı hər iki komanda yüz faizlik qol imkanları yaxalamağa müvəffəq oldu. Di gəl ki, tablodakı sıfırları dəyişmək mümkün olmadı. Düzdü, “Zirə”nin ikinci hissədə real qol şansları nisbətən çox oldu. Ancaq Tərlan Əhmədovun seyvləri “Qəbələ”nin Bakıdan 1 xalla dönməsinə, “Zirə”nin isə üçüncülüyü əldən verməsinə səbəb oldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest