Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) UEFA-ya rəsmi məktub göndərərək Ermənistan – Kipr oyunu zamanı tribunada nümayiş etdirilən separatçı simvollara etirazını bildirib.
 
Matc.az AFFA-ya istinadən xəbər verir ki, insident noyabrın 12-də UEFA Millətlər Liqasının C2 qrupunun V turu çərçivəsində keçirilən qarşılaşmada baş verib. Belə ki, stadionun tribunasında Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərmiş keçmiş separatçı rejimin adı və bayrağı nümayiş etdirilib.
 
AFFA hesab edir ki, mövcudluğuna son qoyulmuş qondarma qurumun simvollarının beynəlxalq futbol oyununda göstərilməsi yolverilməzdir.
Qurumun baş katibi Cahangir Fərəcullayevin imzaladığı məktubda bildirilib ki, UEFA-nın intizam qaydaları stadionlarda siyasi və ideoloji təbliğata, eləcə də təxribat xarakterli simvollardan istifadəyə qadağa qoyur.
 
AFFA UEFA-nı baş verən hadisəni araşdırmağa, müvafiq intizam tədbirləri görməyə və gələcəkdə belə halların təkrarlanmaması üçün addımlar atmağa çağırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest