"Futbolçular, məşqçi heyəti, klubun digər əməkdaşları və ofis işçiləri ilk gündən mənə isti yanaşdılar. Böyük ailəyə gəldiyimi hiss edirəm". Matc.az xəbər verir ki, bu fikirləri "Qarabağ" klubunun yeni transferi Kadi Yuri Borqes Malinovski klubun rəsmi saytına açıqlamasında deyib.
 
25 yaşlı yarımmüdafiəçi komandaya uyğunlaşma prosesindən və yeni mövsümdəki hədəflərindən danışıb: "Bir həftədir məşqlərə başlamışıq. İlk günlərdəki təəssüratlarıma görə deməliyəm ki, məşqlərimiz çox maraqlı və dinamikdir. Hazırlığa yeni başlamışıq, hər şeydən razıyam. Futbolçular məşqdə çox işgüzar və motivasiyalıdır".
 
Braziliyalı oyunçu hazırda əsas fikrini məşqlərə yönəltdiyini və bu səbəbdən, Bakı şəhərini gəzməyə fürsətinin olmadığını bildirib: "ümid edirəm ki, burada olduğum müddətdə Bakını kəşf etməyə zamanım olacaq. Gördüklərim məni heyrətləndirib. Hündürmərtəbəli binalar, insanların xoş münasibəti diqqətimi çəkib. Hər şey ürəyimcədir və Bakını yaxından tanımağa vaxtım olacaq".
 
Malinovski "Qarabağ"a titullar qazanmaq üçün gəldiyini söyləyib: "Güclü və keyfiyyətli futbolçulardan təşkil olunmuş komandaya gəldiyimi bilirəm. Mən də öz bacarığımla komandanın gücünə güc qatacağam. ürəyi komandamızla döyünən, bizə nəfəs verən azarkeşləri qələbələrimizlə sevindirəcəyimizə inanıram. Yeni mövsümdə əlimdən gələni edəcəyəm".
 
Qeyd edək ki, "Qarabağ" Kadi Yuri Borqes Malinovski ilə 2+1 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest