…Kəpənək olmuşam dünyada bir vaxt,

Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən…

Böyük söz ovsunçusu, duyğu memarı Eldar Baxışın "Sərçə balası" şeirindəndi. Mərhum şairimizin fikri zamanın görünməyən çöhrəsinə çəkmək məharəti sözün əsl mənasında yaradanlqdı. Bir var qafiyələrin qulaqda melodiyaya necə çevrilməsini dinləmək, bir də var hər kəsə verilməyən bəsirət gözü ilə poeziyanın rəngini görmək.

 

İfrata varmadan kəpənəyi niyə idman qəzetinin mənim üçün ayrılmış köşəsinə gətirdiyimi deyim: Müstəqil Azərbaycan futbolu da "divlər"lə müqayisədə həşərata bənzəyirsə, deməli, kəpənəyi yada salmaq o qədər də uğursuz cəhd deyil.

 

Hə, dəyərli oxucular, çox yox, 10-15 il öncə futbol ictimaiyyətinin böyük qismi sürünə-sürünə balaca bir budağa dırmaşan "kəpənək balası"nın qanadlanacağına, ölkənin yaşıl çəmənlərindən kənarda coşqu ilə qanad çalacağına, heyranlarına qürur bəxş edəcəyinə inanırdı. Bəlli futbol dalğasından ruhlanan çinli məmurlar, pullu iş adamları kənarda qalmaq istəmirdi. Kimi dəb, kimi də tələb mayakına doğru addımlamağı özünə borc bilirdi. "Bakı", "Xəzər Lənkəran", "Qəbələ", "Karvan", "İnter" kimi klubların "doğuluşu" kəpənək qanadlarının zərinə bələnmiş işıqlı sabahlarla bağlı böyük ümidlər yaradırdı. ölkənin futbol ictimaiyyəti hamılıqla səriştəsiz, hamılıqla həvəsli idi.

 

Görməmişcəsinə xərclənən pullara, alçaqcasına talanan büdcələrə, edilən "otkat"lara baxmayaraq tərpəniş sezilirdi. öncə avrokuboklarda 1-2 mərhələ adlamaqla bitən macəraların uğur sayılmadığını anladıq, ardından Azərbaycan adlı məmləkətdən Qurban Qurbanov kimi işini vicdanla görən mütəxəssilərin çıxa biləcəyinə şahidlik etdik, daha sonra "Neftçi", "Qarabağ" və "Qəbələ" Avroliqanın qrupuna düşməyin yalnız xəyal olmadığını isbatladı. Yavaş-yavaş çempionat oyunlarını pulla alan məşqçilərin, sifarişçi klub rəsmilərinin, özünə hörmət etməyən futbolçuların iç üzü açıldı, ən qədim peşənin sakinlərini xatırladan bir sıra hakimlərin maskası yırtıldı.

Təbii, idman mətbuatında da ibtidai rəqabət formalaşdı. Yerli futbol xəbərlərini bu idman növüylə maraqlananlara daha tez çatdırmaq, başqalarından bir addım önə çıxmaq hədəfi kütləviləşməyə təkan verdi. Əlbəttə, təcrübəsi və "çəki"si imkan vermədiyi halda yalnız özünün işlətdiyi saytda baş redaktor vəzifəsi tutmağa can atanlar, klubların qapısında yatıb, yumşaq desək, dilənçilik edənlər, öyrənmədən öyrətməyə çaba göstərənlər az deyildi. Amma futbola yatırılan pulların yaratdığı məlum fəsadlar fonunda idman jurnalistikasındakı cücərməni də danmaq olmaz.

... Alnına böyük yolçuluğa sürfə kimi başlamaq yazılan həşəratın başqa nə yolu vardı ki. Sürünə-sürünə budağa çıxan həmin kəpənək balası - tırtıl süstləşdi, pupa çevrildi. Gözlərinin önünə uğurla tamamlanacaq metamorfozu gətirib dərin yuxuya daldı. Fəqət, oyana, qanadlarını günəşin sarı şəfəqlərində qurudub kəpənəkləşə bilmədi. Yatdıqca başının üstündə tor quran hörümçəklər ona layla çaldı, silkələnmək, süstlük durumuna "dur" demək istədikcə əcaib məxluqların məkrli niyyətlərindən qorxub baramasında qaldı. Ara-sıra yuxularında minlərlə insanın düzüldüyü arenada zərli, bəzəkli qanadlarını çırpa-çırpa uçduğunu görsə də, pup vəziyyətindən çıxmadı.


O qanad,
o inad,
o istək hanı?!
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi…

 

Nihat Ağasoy, "Futbol+" qəzeti

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest