Bu gün Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu turun növbəti oyunları keçirilib. Matc.az xəbər verir ki, C, F və I qrupları üzrə 8 görüş baş tutub.

C qrupunda İtaliya millisi səfərdə Şimali İrlandiya ilə, İsveçrə isə evdə Bolqarıstanla qarşılaşıb. İtaliya yalnız top fərqinə görə isveçrəliləri üstələyirdi. Bu mənada, komandalar final mərhələsinə birbaşa vəsiqə üçün xal ititrməməklə yanaşı, böyük hesablı qələbə qazanmalı idilər. İtaliya yığması bu vəzifənin öhdəsindən gələ bilməyib. Sözügedən komanda Şimali İrlandiya ilə oyundan qolsuz ayrılıb. Əvəzində İsveçrə yığması darmadağınla qalib gələrək qrup birincisi olub və mundiala birbaşa vəsiqə qazanıb. İtaliya yığması isə ikinci yeri tutmaqla pley-offda oynamaq məcburiyyətində qalıb.

F qrupunda bütün suallara aydınlıq gəldiyindən, Şotlandiya – Danimarka qarşılaşması formal xarakter daşıyırdı. 27 xala malik Danimarka seçməsi final mərhələsinə, 20 xalı olan Şotlandiya isə pley-offa vəsiqəni əvvəlcədən rəsmiləşdirmişdi. Danimarkalılar son oyunda 2 cavabsız qolla uduzublar. İsrail – Farer adaları və Avstriya – Moldova qarşılaşmalarının nəticələri isə 3-cü pillənin taleyinə aydınlıq gətirib. Hər iki oyunda meydan sahibləri qələbə qazanıblar. Yekunda üçüncü yeri İsrail yığması tutub.

I qrupuna başçılıq edən İngiltərə millisini Dç-nin final mərhələsinə vəsiqə qazanmaq üçün San Marino ilə səfər oyununda heç-heçə də qane edirdi. Amma ingilislər bu görüşdə 10 cavabsız qolla qalib gəliblər və dünya çempionatına vəsiqə qazanıblar. İkinci sırada yer alan Polşa yığması isə mundiala birbaşa yollanmaq üçün evdə Macarıstana böyük hesabla qalib gəlib İngiltərənin "cırtdanlar"a uduzmasını gözləməliydi. Amma ingilislər uduzmadığı kimi, polşalılar da macarlarla ev oyunundan məğlub ayrılıblar. Bu, Polşa yığmasının qrup ikincisi olmasına və pley-offa vəsiqə qazanmasına mane olmayıb. Albaniya yığması da Andorra üzərində qələbə ilə qrup üçüncüsü olub.

Daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları Dç-2022-yə vəsiqə qazanmışdı.

Dç-2022-nin seçmə mərhələsi
10-cu tur
15 noyabr

C qrupu

Şimali İrlandiya – İtaliya 0:0

İsveçrə – Bolqarıstan 4:0
Qol: Okafor, 48. Varqas, 57. İtten, 72. Freuler, 90+1.

Xal durumu: İsveçrə – 18, İtaliya – 16, Şimali İrlandiya – 9, Bolqarıstan – 8, Litva – 3.

F qrupu

İsrail – Farer adaları 3:2
Qol: Dabbur, 30. Vaysmann, 58. Perets, 75 – Vatnhamar, 62. Olsen, 72.

Şotlandiya – Danimarka 2:0
Qol: Souttar, 35. Adams, 86.

Avstriya – Moldova 4:1
Qol: Arnautoviç, 4; 55-pen. Trimmel, 22. Lyubiçiç, 83 – Nikolaesku, 60.

Xal durumu: Danimarka – 27, Şotlandiya – 23, İsrail – 16, Avstriya – 16, Farer adaları – 4, Moldova – 1

I qrupu

San Marino – İngiltərə 0:10
Qol: Maquayr, 6. Fabbri, 15-öz qapısına. Keyn, 27-pen; 32; 39; 42. Smit Rou, 58. Minqs, 69. Abraham, 78. Saka, 79.

Albaniya – Andorra 1:0
Qol: E.çekici, 74-pen.

Polşa – Macarıstan 1:2
Qol: Sviderski, 62 – Şafer, 37. Qazdaq, 80.

Xal durumu: İngiltərə – 26, Polşa – 20, Albaniya – 18, Macarıstan – 17, Andorra – 6, San Marino – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest