Uzun müddətdir "Sabah"ın uğurları üçün çalışan, klubun tarixinə ən çox oyun keçirmiş futbolçu kimi düşən Saşa Stamenkoviç dünən "Səbail"lə oyundan sonra komanda ilə yollarını ayırdı.

Uzun müddətdir "Sabah"ın uğurları üçün çalışan, klubun tarixinə ən çox oyun keçirmiş futbolçu kimi düşən Saşa Stamenkoviç dünən "Səbail"lə oyundan sonra komanda ilə yollarını ayırdı. Matc.az xəbər verir ki, təcrübəli qolkiper oyundan sonra klubun rəsmi saytına müsahibəsində verdiyi qərar, azarkeşlər və Azərbaycan karyerası barədə danışıb:  

– 3,5 illik "Sabah" karyeranı bitirdin. Necə oldu ki, ayrılmaq qərarına gəldin? Nə hislər keçirirsən?

– İlk növbədə onu deyim ki, bu qərarı vermək mənim üçün çox çətin oldu. çünki 3  ildən çoxdur ki "Sabah"daydım və özümü burda evdəki kimi hiss edirdim. Bu qərarı verərkən çox düşündüm, lakin sonda mənim üçün futboldan daha vacib olan bəzi şeylərin olması qənaətinə gəldim. Bunun necə çətin olduğunu təkcə özüm bilirəm. Qərarımı anlayışla qarşıladıqlarına görə klub rəhbərliyinə və məşqçilərə təşəkkür edirəm.

– Komanda Premyer Liqaya vəsiqə qazandığı ilk mövsümdən burdaydın. Klubun qısa tarixinə ən çox oyun keçirən futbolçu kimi düşmüsən…

– Onu deyim ki, mən "Sabah"dan ancaq fiziki olaraq ayrılıram. Lakin həmişə bu klubun azarkeşi olaraq qalacam. Komanda Premyer Liqaya vəsiqə qazandığı ilk ildən burdaydım. Hər şey sıfırdan qurulurdu, çox çətin idi. Burda olduğum müddətdə gənc futbolçulara meydanda və ondan kənarda futboldan zövq almaq və uğur qazanmaq üçün necə davranmalı olduqlarını izah etməyə çalışdım, öz təcrübəmi onlarla paylaşdım. Onlara həmişə əsas işə yanaşmanın, peşəkarlığın olduğunu, maddi qazancın vaxt keçdikcə öz-özünə gələcəyini dedim. "Sabah" gənc klubdu, amma inanın ki, gələcəkdə böyük klub olacaq.

– "Sabah"da çıxış etdiyin müddətdə ən yaddaqalan qələbə hansı oldu?

– Həm mənim, həm də hər bir azərbaycanlı üçün ən vacib qələbə 8 noyabrda oldu.

– Sən Azərbaycanda çıxış etmiş legionerlər arasında azarkeşlər tərəfindən ən çox sevilən futbolçulardan birisən. Necə düşünürsən, onların sənə sevgisinin səbəbi nədir?

– "Sabah" ən uzun müddət üzvü olduğum, ən çox əmək sərf etdiyim klublardan biridir və bununa fəxr edirəm.  Azarkeşlər həmişə formanın önündəki emblemi formanın arxasındakı addan üstün tutan oyunçulara daha çox rəğbət bəsləyirlər. Düşünürəm ki, onlar bunu dərhal hiss edirlər və mənə sevgilərinin əsl səbəbi də budur. Onu deyim ki, bu sevgi qarşılıqlıdır. Hər birinə təşəkkür edirəm.

– "Sabah" azarkeşlərinə nə demək istərdin?

– Onlara demək istərdim ki, həmişə klubla qalsınlar. "Sabah" nəhayət ki, ayağa qalxıb, uğurlar uzaqda deyil. Sağlıq olsun, çox istərdim ki, karyeramı bitirəndə vida oyunumu "Sabah"ın formasında və məşhur futbolçuların iştirakı ilə, azarkeşlərin zövq alacağı şəkildə, dolu tribunalar önündə keçirim. Həyatda sahib olduğum hər şeyi mənə Azərbaycan hədiyyə edib. Bunu heç vaxt unutmuram. Burdan xoş hislərlə ayrılıram.

– Saşa, bir daha hər şeyə görə təşəkkür edir, gələcək karyeranda və həyatda uğurlar arzulayırıq.

– Mənə həm oyunçu, həm də şəxsiyyət kimi özümü göstərməyimə şərait yaratdığınıza görə mən də sizə təşəkkür edirəm. Yaşasın "Sabah"! Yaşasın Azərbaycan!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest