Almaniyanın "Volfsburq" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Kopenhagen"dən Yonas Vindi, "Union Berlin"dən isə Maks Kruzeni transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kruze ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb. Vind isə 2026-cı ilin yayına qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək. Maks "9", Yonas isə "23" nömrəli formanı seçib.
 
Maks Kruze daha əvvəl 2015/16 mövsümündə də "Volfsburq"da çıxış edib. Almaniya yığmasında 14 oyun keçirmiş futbolçu, 2020-ci ildən "Union Berlin"də forma geyinirdi. 33 yaşlı futbolçu əvvəllər "Verder", "Sankt Pauli", "Frayburq", "Borussiya" (Mönxenqladbax) və "Fənərbaxça" kimi klubların da uğurları üçün çalışıb.
 
Yonas Vind isə "Kopenhagen"in öz yetirməsidir. 22 yaşlı futbolçu karyerası ərzində yalnız bu komandanın formasını geyinib. Danimarka millisində 12 oyuna 4 qol vurmuş hücumçu, "Kopenhagen"də də 113 matça çıxıb, 46 qola imza atıb.
 
"Volfsburq" bu transferlərlə yanaşı, iki futbolçusu ilə də yollarını ayırıb. Bunlardan biri fransalı yarımmüdafiəçi Jozua Gilavoqi, digəri isə niderlandlı hücumçu Vaut Veqortstdur.
 
Gilavoqi Fransanın "Bordo" klubuna icarəyə verilib. Liqa 1 təmsilçisi 31 yaşlı dayaq yarımmüdafiəçisini satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. Daha öncə "Sent-Etyen" və "Atletiko" (Madrid) klublarında oynamış futbolçu, 2014-cü ildən "Volfsburq"da idi.
 
Veqorst isə Almaniya klubundan birdəfəlik ayrılıb. O, İngiltərənin "Bernli" klubuna transfer olunub. Tərəflər arasındakı müqavilənin müddəti 2025-ci ilə qədərdir. 29 yaşlı futbolçu 2018-ci ildən "Volfsburq"un uğurları üçün çalışırdı. Niderland yığmasında 12 oyuna 2 qol vurmuş hücumçu, əvvəllər "Emmen", "Herakles" və "Alkmaar" klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest