"Ötən mövsüm Bundesliqanın son turunda evdə çempionluğu əldən verdik. Sevinirəm ki, indi azarkeşlərə nəsə qaytara bilərik"
Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç komandasının Çempionlar Liqasının finalına yüksəlməsini şərh edib. Matc.az xəbər verir ki, o, yarımfinalda PSJ üzərində qələbəni dəyərləndirib.
Terziç mövsümü titulla başa vurmaq arzusunda olduqlarını bildirib: “Ötən mövsüm Bundesliqanın son turunda evdə çempionluğu əldən verdik. Sevinirəm ki, indi azarkeşlərə nəsə qaytara bilərik. Hər matçda böyüyürdük və sonda başa düşdük ki, hamını təəccübləndirəcək komandaya çevrilə bilərik. Komandamla finala yüksəldiyim üçün çox şadam”.
Qeyd edək ki, “Borussiya” PSJ-ni hər iki matçda 1:0 hesabı ilə məğlub edib. Almaniya klubunun finaldakı rəqibi “Real” – “Bavariya” cütünün qalibi olacaq.