Azərbaycan milli komandasının sabiq hücumçusu Rauf Əliyevin matc.az saytına müsahibəsi

- Ölkə çempionatında 2-ci yer uğrunda gərgin mübarizə gedir, tez-tez bu pillənin sahibi dəyişir. Sizə görə, hansı komandanın mövsümün gümüş medalçısı olmaq şansı daha çoxdu?

- Avrokuboklara getmək uğrunda komandalar arasında yaxşı mübarizə gedir. “Sumqayıt”, “Sabah”, “Neftçi” və “Zirə” arasında qızğın rəqabətin şahidi oluruq. Bir neçə tur əvvələdək “Turan Tovuz” və “Səbail”i də bu siyahıya qatmaq olardı. Amma sonra bu iki komandanın çıxışında eniş yaşandı. Çempionatın son 4 turunun da maraqlı keçəcəyini düşünürəm. Konkret hansısa komandanın 2-ci yeri tutmaq şansının daha çox olduğunu demək çətindi. Çünki qalan 4 tur ərzində hər şey baş verə, hamı bir-birinə qalib gələ bilər.

- Çempionluğu vaxtından əvvəl təmin etmiş "Qarabağ" son 3 turda qələbə qazana bilmir. Bunun səbəbini nədə görürsünüz?

- Komanda artıq çempionluğu təmin edib. Ola bilsin, buna görə futbolçular oyunlara tam yaxşı köklənə bilmirlər. Bu, normal haldı. Futbolçularda rahatlaşma, üstəlik, mövsümün sonu olması ilə əlaqədar yorğunluq var. Bu il “Qarabağ” üçün ağır sezon keçdi. Uzun müddət həm Avropa Liqasında, həm də daxili turnirlərdə mübarizə apardılar. Yəqin futbolçular artıq istirahət haqda fikirləşirlər. Bu amilləri nəzərə alsaq, məncə, “Qarabağ”ın son turlarda qələbə qazana bilməməsi başadüşüləndi.

- Vaxtilə formasını geyindiyiniz digər komandanın - "Qəbələ"nin mövsümü sonuncu pillədə tamamlayacağı təsdiqini tapdı. Yəqin ki, buna siz də üzüldünüz...

- Əlbəttə, üzüldüm. “Qəbələ”nin bu vəziyyətdə olması çox məyusedicidi. Komandanın sonuncu pillədən qurtulacağını gözləyirdim, amma alınmadı.

- Necə düşünürsünüz, reqlamentə uyğun olaraq "Qəbələ"nin çempionatı tərk etməsi yaxşı olar, yoxsa "Qəbələ"ni saxlamaqla elita iştirakçılarının sayının 12-yə çatdırılması?

- İstərdik ki, çempionatda komanda sayında dəyişiklik baş versin və “Qəbələ” Premyer Liqada çıxışını davam etdirsin. “Qəbələ”nin birinci liqaya düşməsi çox üzücüdü. Belə vəziyyətin olmasını istəməzdim. Ən yaxşı variant budu ki, komanda sayı artırılsın, “Qəbələ” də çempionatda qalsın. Öz oynadığım dövr yadıma düşür, biz hələ 8 komandalı çempionatda çıxış edirdik. Bir komanda ilə təkrar-təkrar qarşılaşmaq adama cansıxıcı gəlirdi. Kubok matçlarını da əlavə etsək, bir komanda ilə mövsüm ərzində 6 dəfə qarşılaşırsan. Çempionatda nə qədər çox komanda olarsa, liqaya maraq bir o qədər artar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest