Türkiyənin "Alanyaspor" klubu üç futbolçusu ilə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Efecan Karaca, Serkan Kırıntılı və Tayfur Bingöl ilə müqavilələri yeniləyib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serkan Kırıntılı ilə yeni müqavilənin müddəti 2024-cü ilin yayında bitəcək. Efecan Karaca və Tayfur Bingöl ilə sözləşmə isə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
 
Efecan Karaca 2013-cü ildən "Alanyaspor"un uğurları üçün çalışır. 32 yaşlı yarımmüdafiəçi "Qalatasaray"ın yetirməsidir. O, bu iki klubla yanaşı, "Qaziantepspor", "Kartalspor", "Adanaspor", "Adana Dəmirspor" və "Sarıyer"də də oynayıb. Efecan Türkiyə millisində də 3 oyuna çıxıb, 1 qol vurub.
 
Serkan Kırıntılı 2021-ci ilin fevralından "Alanyaspor"da çıxış edir. 36 yaşlı qapıçı ilə əvvəlki müqavilənin müddəti bu yay başa çatacaqdı. Türkiyə millisində 4 oyun keçirmiş qolkiper, daha öncə "Adanaspor", "Ankaragücü", "Fənərbaxça", "Rizəspor" və "Konyaspor"da da çıxış edib.
 
Tayfur Bingöl isə 2019-cu ildən "Alanyaspor"dadır. O, 2015/16 mövsümündə də icarə əsasında bu komandada forma geyinib. 29 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Hacettepe", "Gənclərbirliyi", "Bandırmaspor", "Adana Dəmirspor", "Göztəpə" və "Bursaspor"da da forma geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest