Şamaxı şəhər stadionunda tribunaların sayı artırıla bilər. Matc.az xəbər verir ki, bu barədə jurnalistlərə AFFA-nın baş katibinin müavini Kamran Vəliyev açıqlama verib.
 
O, gələcəkdə ehtiyac olarsa, belə bir variantın mümkünlüyünü dilə gətirib: "Qapılar arxasında yerlər var. Burada tribuna inşa etmək imkanı mümkündür. Bu, uzun müddətli gələcəyin planlarıdır".
 
Assosiasiya rəsmisi arenada işıqlandırılmanın nəzərdə tutulmadığını söyləyib: "Əvvəldən qalan projektor dirəkləri var idi. Bunlar ərazinin işıqlandırılması üçün istifadə olunub. çünki stadionda ot örtüyü üçün 4 tərəfdən işıqlandırma olmalıdır. Hazırda mövcud inşaat işlərində bu planlaşdırılmayıb. Gələcəkdə işıqlandırma mümkün ola bilər. Hər şey maliyyədən asılıdır".
 
Vəliyev 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı stadionun açılış mərasiminin keçirildiyini xatırladıb: "Arena 2200 azarkeş tutumuna malikdir. "Şamaxı" klubu ev oyunlarını burada keçirir. Süni örtük FIFA-nın ən yüksək sertifikatını alıb. Buraya quraşdırılan yeni nəsil ot örtüklərindəndir, tam oturuşması üçün zaman lazımdır. Hələlik bir oyun keçirilib. Stadion həmçinin UEFA-nın II kateqoriyasına uyğun gəlir. Burada beynəlxalq oyunların keçirilməsi imkanı da var. Klublarımız avrokuboklarda ilkin mərhələləri burada oynaya, II təsnifat mərhələsinə kimi oyunlar burada baş tuta bilər. Ondan sonra III kateqoriya stadion olmalıdır. U-21 və aşağı yaş kateqoriyalardan ibarət komandaların matçlarının da burada təşkili mümkündür".
 
Qeyd edək ki, Şamaxı şəhər stadionundakı ilk oyun Azərbaycan Premyer Liqasının XXII turunda "Şamaxı" və "Neftçi" komandaları arasında olub. Qarşılaşma paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest