Qazaxıstan millisinin futbolçusu Nuralı Alip UEFA Millətlər Liqasında Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib

Qazaxıstan millisinin futbolçusu Nuralı Alip UEFA Millətlər Liqasında Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib. Matc.az xəbər verir ki, qazax futbolçu "sports.kz" saytına müsahibəsində milli komandanın Millətlər Liqasındakı şanslarını dəyərləndirib.
 
O, ilk növbədə bütün diqqətlərini iyunun 3-də Nur-Sultanda Azərbaycan millisinə qarşı keçiriləcək matça yönəltdiklərini deyib:
 
"Təlim-məşq toplanışına ilk rəqibimiz olan Azərbaycanın matçlarının videolarına baxmaqla başladıq. Əvvəlki oyunlarımızın təhlilini apardıq, məşqçilərimiz buraxdığımız səhvləri başa saldı. ümid edirəm ki, önümüzdəki matçda belə səhvlərə yol verməyəcəyik və Azərbaycana qalib gələcəyik".
 
"Zenit"in futbolçusu Azərbaycan yığması ilə matçda azarkeşlərin dəstəyinə ehtiyaclarının olacağını bildirib:
 
"Azərbaycan çox ciddi rəqibdir. çünki onların heyətində xarici klublarda çıxış edən yaxşı legionerlər var. Heç kəsi qiymətləndirməmək olmaz. Bütün rəqiblərə ciddi yanaşmaq, sanki son döyüşə çıxırıq kimi köklənmək lazımdır. Düşünürəm ki, Azərbaycanla ilk görüşdə çox şey azarkeşlərdən asılı olacaq. İstəyirəm ki, onlar stadionu doldursunlar, bizi dəstəkləsinlər. Qarşılaşma çətin olacaq, asan keçməyəcək. Amma biz qələbə qazanmaq istəyirik.
 
Qrupun favoriti isə Slovakiyadır. Belə bir rəqiblə duellər maraqlı olacaq. Bütün rəqiblər güclüdür, qrupumuzda zəif komanda yoxdur".
 
İyunun 3-də keçiriləcək Qazaxıstan – Azərbaycan oyununa saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest