22 İyun 2022, 14:00
TOP OYUNLARI
Voleybol üzrə Azərbaycan yığmasının üzvü Marqarita Stepanenko təlim-məşq toplanışını dəyərləndirib. Matc.az xəbər verir ki, federasiyanın mətbuat xidmətinə açıqlama verən voleybolçu bunları söyləyib:
"İyunun 14-dən millinin məşqlərinə qoşulmuşam. Ayının sonunadək əsasən fiziki və fərdi şəkildə texniki hazırlığa diqqət yetirəcəyik. Məşqlərə qoşulduğum gündən etibarən çalışıram ki, tam formamı yığım.
Qarşıda bizi İslam Həmrəyliyi Oyunları və Avropa çempionatının təsnifat mərhələsi gözləyir. Bu yarışların vacibliyini dərk edirik və çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək. Bir neçə gündən sonra təlim-məşq toplanışımızı Mingəçevirdə davam etdirəcəyik. Həmin 10 günlük hazırlıqda kollektiv məşqlərə üstünlük veriləcək. Bu toplanışdan sonra komandamızda olan çatışmazlıqları tam aydın biləcəyik. İyul ayında bir neçə aparıcı voleybolçumuzun da məşqlərə qoşulması gözlənilir. Düşünürəm ki, qarşıdakı yarışlarda uğurlu çıxış edəcək və vətənə yaxşı nəticələrlə dönəcəyik".