"Qarabağ" çempionlar Liqasında (çL) uğurlu çıxışını davam etdirir. Matc.az saytı xəbər verir ki, Azərbaycan çempionu Polşanın ardından İsveçrənin çempionunu da bu turnirdən uzaqlaşdırdı.
 
II təsnifat mərhələsində Bakıda 3:2 hesabı ilə məğlub etdiyi "Sürix"lə İsveçrədə 120 dəqiqəlik mübarizənin yekununda heç-heçə edən (2:2) təmsilçimiz növbəti mərhələyə adlamaqla ən azı Konfrans Liqasının qrupuna düşməyi təmin etdi.
 
"Sürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) – 2:2
Qollar: Maksim Medvedev, 4 (avtoqol), İvan Santini, 90+6 - Kadi Borqes, 56, Ovusu Kvabena, 98
İlk oyun – 2:3
Sürix, "Letsiqrund" stadionu. Hakimlər: Allard Lindhout, çarles Şaap, Roy de Nas, Jeroen Manşot (hamısı Niderland)
"Sürix": 25. Yanik Brexer (k), 2. Lindrit Kamberi, 31. Mirlind Kryeziu, 6. Fidan Aliti, 19. Nikola Boraniyaşeviç, 3. Adrian Gerrero (11. Jonatan Okita, 70), 8. Ole Selnes (16. Mark Hornşux, 71), 17. Şeyk Konde (4. Beçir Omeraqiç, 119), 23. Fabian Roner (15. Ayequn Tosin, 70), 22. Vilfred Qnonto (7. Bledian Krasniqi, 105+1), 10. Antonio Markesano (9. İvan Santini, 78)
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 28. Karol Mets, 33. Ştefan Zayler, 39. Akakiy Qoqia
Baş məşqçi: Franko Foda
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k) (13. Bəhlul Mustafazadə, 90), 81. Kevin Medina (55. Bədavi Hüseynov, 45), 29. Marko Veşoviç (30. Abbas Hüseynov, 117), 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 46), 7. Riçard Almeyda (2. Qara Qarayev, 66), 8. Marko Yankoviç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 77. Ramil Şeydayev, 25. İbrahima Vadji (11. Ovusu Kvabena, 66)
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, Julio Romao, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
 
Fodanın orta sahə, Qurbanovun Şeydayev sürprizi
"Lex" və "Sürix"lə Bakıdakı oyunların start heyətində Qurban Qurbanov bu dəfə bir dəyişiklik etmişdi. Filip Ozobiçi ehtiyata atan çalışdırıcı Ramil Şeydayevə ilk "11-lik"də yer verdi. Bu, meydanda bəzi yerdəyişmələrə də yol açmışdı. Şeydayev sağ vinger mövqeyinə keçmişdisə, Kadi Borqes pleymeyker mövqeyində oynamalı idi. Bundan əlavə, zədəsini sağaldan Qara Qarayev və yeni transfer Julio Romao da "23-lüy"ə salınmışdılar. Onlar ötən görüşü ehtiyatdan izləyən İsmayıl İbrahimli ilə Rahil Məmmədovun yerini tutmuşdular.
 
Franko Foda isə əsas dəyişikliyi orta sahədə etmişdi. Bakıda sonradan meydana daxil olan Şeyk Konde ilə Ole Selnes bu dəfə ilk dəqiqlərdən mübarizəyə qoşulmuşdu. Onlar müvafiq olaraq Mark Hornşux və Blerim Cemailini əvəzləmişdilər. Birinci ehtiyatda oturmuşdusa, Cemaili zədə səbəbindən "23-lük"dən kənarda qalmışdı. 
 
Gözlənilməz start
İlk dəqiqələrdən "Qarabağ" ənənəvi futbolunu göstərməyə, top çevirməyə çalışırdı. Lakin Bakıdakı matçdan fərqli olaraq, isveçrəlilər bu dəfə buna imkan vermirdilər. Rəqib meydanın təmsilçimizə aid hissəsində etdiyi pressinqlə ağdamlıların oyun qurmasına mane olurdu. Ev sahiblərinin yüksək təzyiqi cəmi 4 dəqiqə sonra bəhrəsini verdi. Orta sahədə itirilən top əks-hücuma yol açdı və Elvin Cəfərquliyevin də geri çəkilməyə vaxtı olmadı. Onu sığortalamağa çalışan Kevin Medina isə sürətdə rəqibinə uduzdu. Sağ cinahdan yerlə ötürmə zamanı isə qapıçı Şahruddin Məhəmmədəliyevlə müdafiəçi Maksim Medvedev bir-birini başa düşmədi. Kapitan inamsız toxunuşla topu öz qapısına göndərdi.
 
Erkən qol "Sürix" futbolçularını xeyli rahatlatdı. Artıq startdakı təzyiqi bir qədər azaltmağa, nisbətən geridən rəqibi qarşılamağa başladılar. Bu addım Franko Fodanın yetirmələrinə baha başa gələ bilərdi. Topla ilk dəfə rəqibin qapısına rahat yaxınlaşan təmsilçimizdə Riçard Almeydanın cərimə meydanı həndəvərindən qüvvətli zərbəsinə qapıçı Yanik Brexer əla reaksiya göstərdi.
 
Boşluq donunda planlaşdırılmayan əvəzləmə
Planlaşdırılmamış qol sanki "Qarabağ"ın da oyununu pozdu. Komanda toparlanmaqda, oyuna tam nəzarət etməkdə çətinlik çəkirdi. Filip Ozobiçin yoxluğunun da bunda böyük rolu var idi. çünki orta sahədə kompaktlılıq və hücumda kəsərlilik itmişdi. Kadi Borqes pleymeyker mövqeyində gözlənilən performansı sərgiləyə bilmirdi, Ramil Şeydayev isə həmişəki kimi, yalnız toplu/topsuz qaçmaqla məşğul idi. Belədə Abdullah Zubir və İbrahima Vadji də irəlidə tək qalırdı. Təsadüfi deyil ki, Azərbaycan çempionu ilk dəfə 25-ci dəqiqədə dəqiq ötürmələrlə rəqibin cərimə meydanına girməyi bacardı. Onda da Zubir iti bucak altından zərbə ilə toru yandan silkələdi. Bir qədər sonra isə Marko Yankoviçin cərimə meydanı həndəvərindən zərbəsində azacıq dəqiqlik çatmadı.
 
"Sürix" futbolçuları "Qarabağ"ın problemli nöqtəsini yaxşı "oxumuşdu". Müdafiənin sol cinahında Elvin Cəfərquliyev tək qalmışdı. Həmin cinahdan hər dəfə 2-3 nəfərlə hücum quran isveçrəlilər təhlükə yarada bilirdilər. Müdafiənin mərkəzindən ona yaxın oynayan Medina da bu boşluğu bağlaya bilmirdi. Belə məqamda Qara Qarayevin yoxluğu aşkar hiss olunurdu. çünki vitse-kapitan rəqib hücumlarının qarşısında ilk qalxan rolu oynamaqla yanaşı, həm də müdafiəçilərin səhvlərini vaxtında sığortalaya bilirdi. Bu azmış kimi, fasilə ərəfəsində Medina da sıradan çıxdı. Zədələndiyi üçün mübarizəni davam etdirə bilməyən kolumbiyalını uzun müddətdir oyun praktikasından əziyyət çəkən Bədavi Hüseynov əvəzləməli oldu.
 
Vaxtında həll edilən problem
Cəfərquliyevin ən zəif bənd olduğunu vaxtında görən Qurban Qurbanov fasilədən sonra onu meydana buraxmadı. Bununla "Qarabağ"ın müdafiəsi xeyli toparlandı. İkinci hissədə bərabər səviyyədə oyun gedirdi. Hər iki komanda daha az risklə mübarizə aparmağa üstünlük verirdi. Rəqibi özünə tərəf çəkən ağdamlılar bu gedişat sayəsində tezliklə Borqeslə bərabər qolunu vurdu.
 
Bir qədər sonra belə matçlarda hava-su kimi lazım olan Qara Qarayev də meydanda daxil oldu. Bu dəyişiklik orta sahədə nəzarəti ələ almağa və rəqib hücumlarının qarşısını daha yaxşı kəsməyə hesablanmışdı. Yorulan Vadjinin əvəzinə isə yeni nəfəs – Kvabena Ovusu mübarizəyə atıldı. Rəqib də dərhal əvəzləmələrlə hücumu gücləndirdi.
 
Kobudluqlara göz yuman hakim
İstədiyi təzyiqi qura bilməyən "Sürix" futbolçuları sona yaxın olduqca sərt, hətta əksər hallarda kobud oyuna keçdilər. Bu kobudluq Maksim Medvedevin 90-cı dəqiqədə zədələnməsinə səbəb oldu. Kapitan meydanda qalmağa cəhd etsə də, bu, alınmadı və Qurban Qurbanov növbəti dəfə planlaşdırılmamış əvəzləməyə əl atmalı oldu. Beləliklə, start heyətində yer alan 4 müdafiəçidən 3-ü görüşün gedişində əvəzləndi. Ev sahiblərinin artıq silsilə halını alan kobudluqlarına isə nədənsə, baş hakim göz yumurdu. Halbuki əksər epizodlardakı bu kobudluqlar minimum sarı vərəqəlik olurdu. Passivində "sarı"sı olan oyunçuların bu cür davranışları zamanı niderlandlı referi Allard Lindhout özünü görməzliyə vururdu.
 
Birdən-bir bu qədər dəyişiklik müdafiə olunmaq baxımından problemsiz ötüşməyə bilməzdi. Nəticədə baş hakimin matça əlavə etdiyi 6-cı dəqiqədə ev sahibləri ümumi hesabı bərabərləşdirdilər. Müdafiədəki çaşqınlıq fonunda Şahruddin ardıcıl iki zərbəni dəf etsə də, üçüncüyə çatdırmadı.
 
"Ferensvaroş" önünə qayğılı
Hadisələrin ardıcıllığı "Sürix"in psixoloji üstünlüyə malik olmasına zəmin yaradırdı. Əlavə olunmuş vaxtın əvvəlləri də ev sahiblərinin nəzarətində keçirdi. "Qarabağ" isə topa sahib olmaqdan çox artıq sürətli əks-hücumlara üstünlük verirdi. Belə həmlələrin birində rəqibin iki müdafiəçisini özünə çəkən Zubir boş mövqedə dayanan Ovusunu zərbə mövqeyinə çıxardı. Qanalı forvard isə yaxın küncü dəqiq nişan alaraq, yenidən ümumi hesabı lehimizə çevirdi. Qarşılaşmaya artırılmış ikinci 15 dəqiqədə Azərbaycan çempionu bu üstünlüyü qorumağı bacardı. Bunun əvəzində 4-cü müdafiəçi Marko Veşoviç də zədələnərək əvəzləndi. Buna baxmayaraq, rəqibin və hakimlərin təzyiqinə sona qədər dözən "Qarabağ" daha bir mərhələ adladı.
 
Yeganə təəssüfləndirici məqam Riçard Almeyda ilə Kadi Borqesin mövsümdə üçüncü dəfə sarı vərəqə alaraq cəzalı duruma düşmələri oldu. Həm bu, həm müdafiəçilərin zədələnməsi, həm də 120 dəqiqəlik yorucu mübarizə bir həftə sonra keçiriləcək III mərhələ matçı öncəsi məşqçilər korpusunu narahat etməyə bilməz.
 
Bu qalibiyyətlə "Qarabağ" ən azı Konfrans Liqasının qrupunda iştirakı təmin etdi. Ancaq Qurban Qurbanovun kollektiv avqustun ilk günlərində Macarıstanda yerli ölkənin çempionu "Ferensvaroş" önünə də zəfər, çempionlar Liqasında yoluna davam etmək üçün çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest