Konfrans Liqasında yolunda davam edən yeganə təmsilçimiz “Neftçi” III təsnifat mərhələsində ilk oyununa çıxdı. Matc.az xəbər verir ki, Premyer Liqanın gümüş mükafatçısı “Bakcell Arena”da Avstriya təmsilçisi “Rapid” üzərində minimalhesablı qələbə əldə etdi. “Ağ-qaralar”ın qalibiyyəti ölkə reytinqinə xal qazandırmaq baxımından faydalı olsa da, sərgilənən oyuna görə hesab heç də ürəkaçan deyil. Hər halda, son dəqiqədə buraxılan top bir həftə sonra Vyanada Laurentsiu Regakampfın kollektivinin başına bəla ola bilər.

“Neftçi” (Azərbaycan) – “Rapid” (Avstriya) – 2:1
Qollar: Ataa Caber, 44, Kenni Sayef, 60 – Qvido Burqştaller, 90+5
Bakı, “Bakcell Arena”. Hakimlər: Dario Bel, Maryan Tomas, Kristiyan Novosel, Tihomir Pejin (hamısı Xorvatiya)
“Neftçi”: 1. İvan Brkiç, 3. Mamadu Mbodj (26. Ömər Buludov, 90+4), 4. Solomon Kvirkveliya, 6. Voislav Stankoviç, 19. Azər Salahlı, 8. Emin Mahmudov (k) (16. Gilyerme Pato, 82), 14. Eddi İsrafilov (27. Fərid Yusifli, 82), 23. Ataa Caber, 5. Kenni Sayef (7. Azər Əliyev, 77), 24. Yusuf Laval (17. Rəhman Hacıyev, 77), 11. Qodsvey Donyo
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Reqekampf

“Rapid”: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 19. Mixael Sollbauer, 22. Martin Kostselnik, 23. Yonas Auer (13. Torsten Şik, 46), 14. Aleksa Peyiç, 28. Morits Osvald (24. Patrik Qreyl, 59), 27. Marko Qrüll (77. Draqolyub Saviç, 73), 29. Ante Bayiç (7. Nikolas Kün, 59), 9. Qvido Burqştaller, 41. Bernhard Zimmerman (39. Rene Krivak, 73)
Ehtiyat oyunçular: 21. Bernhard Unqer, 25. Paul Qartler, 8. Kristof Knasmüllner, 20. Maksimilan Hofmann, 34. Nikolas Satlberger, 37. Paskal Fallmann, 43. Leopold Kverfeld
Baş məşqçi: Ferdinand Feldhofer

Üstünlüklər...
Bir həftə əvvəl “Aris”lə matçdakı möhtəşəm geridönüş bu oyuna təsirsiz ötüşməyə bilməzdi. Kiprdəki görüşlə müqayisədə artıq futbolçularda özünəinam yaranmışdı. Həmçinin azarkeşlərin onlara güvəni daha da artmışdı. Oyuna olan maraq da bunun göstəricisi idi. Xüsusən də, “Forza Neftçi” fan-klubu özünəməxsus şüarlarla komandanı irəli səsləyirdi. Regekampf da qalib heyəti dəyişməzlər prinsipinə əməl edərək, start “11-liy”inə əl vurmamışdı.

Doğrudu, rəqib “Aris”dən güclü sayılırdı. Hər halda təkcə Avstriya ilə Azərbaycan futbolunun reytinqini müqayisə etmək kifayətdi. Ancaq “ağ-qaralar”a üstünlük verən amillər də var idi. Birincisi, komanda doğma meydanda, 90 dəqiqə susmaq bilməyən fanatlar önündə çıxış edirdi. Digər məqam isə havanın isti olması idi. Bizdən fərqli, sərin havaya öyrəşmiş avstriyalılar üçün istidə oynamaq asan olmayacaqdı.

Sürətli start, “Rapid”dəki boşluq
Əslində komandaların oyuna bir qədər ehtiyatlı başlaması gözlənilirdi. Bir-birini “oxumaq” baxımından ilk dəqiqələr adətən kəşfiyyat xarakterli olur. Ancaq hakimin start fitindən dərhal sonra hər iki tərəf sanki hesabda geridəymiş kimi mübarizəyə qoşuldu. Artıq bir dəqiqə tamam olmamış qonaqlar real qol imkanından yararlana bilmədilər. Müdafiənin sol cinahındakı boşluğun yekununda xoşbəxtlikdən son ötürməyə boş qapı önündə heç kim toxuna bilmədi. “Neftçi”nin cavabı da özünü çox gözlətmədi. Emin Mahmudovdan gözəl ötürməni qəbul etməkdə vaxt itirən Qodsvey Donyo yüz faizlik epiozodda topu düz qapıçının üstünə vurdu.

Topa sahib olmada nisbi üstünlük təmsilçimizin tərəfində idi. Avstriyalılar ən böyük boşluğu orta sahədə buraxırdılar. Qonaq komanda əksər epizodlarda topu itirərkən geri çəkilməkdə gecikirdi. Bu, xüsusən də, meydanın mərkəzində boş dəhliz yaradırdı və Eddi İsrafilovla Ataa Caberə əl-qol açmaq imkanı verirdi. Bakılılar 4-3-3 sxemində meydana çıxsa da, əslində komanda iki mərkəz hücumçusu ilə oynayırdı. “Aris”lə cavab matçında olduğu kimi, Emin Mahmudov yenə gizli 9 nömrə kimi çıxış edirdi. Kapitanın Donyo ilə bir-birini yüksək səviyyədə anlaması da rəqibin mərkəz müdafiəçilərinə əməlli-başlı çətinlik yaradırdı. Ancaq bəzən sürətli hücum zamanı bu ikilinin irəlidə tək qalması epizodun kəsərliliyini azaldırdı.

Üstün oyun fonunda 1 qol
“Neftçi”nin ən problemli nöqtəsi isə müdafiənin sol cinahı idi. Həmin zonada çıxış edən Azər Salahlının hücumlara atıldığını, vaxtında geri çəkilmədiyini də demək olmaz. Çünki rəqib hücum edərkən millimizin üzvü müdafiədəki yerində olurdu. Di gəl ki, vyanalılar hər dəfə bir yol tapıb o zonadan olduqca təhlükəli hücumlar qururdular. Onun əks cinahdakı komanda yoldaşı Mamadu Mbodj, ümumiyyətlə, hücumlara çıxmasa da, rəqib oradan qapımız qarşısına yaxınlaşa bilmirdi.

Ümumilikdə birinci hissədə üstün olan tərəf “Neftçi” idi. Regekampfın yetirmələri xoşbəxtliyi, əsasən də, mərkəzə yığılaraq axtarırdı. İstər müdafiənin dərinliyinə atılan ara pasları, istərsə də cərimə meydanı həndəvərindən qüvvətli zərbələr qonaqları daim gərginlikdə saxlayırdı. Bu ssenari fasiləyədək dəyişmədi. Ancaq bununla yanaşı, tablodakı sıfırı dəyişmək də mümkün olmurdu. Kor-koranə hücuma atılan “Rapid” müdafiədə elə boşluqlar buraxırdı ki, bakılılara “gəl, qol vur” demədiyi qalmışdı. Hücum planında yer alan oyunçulardan Kenni Sayef tez-tez gah kobudluğa məruz qalması ilə, gah da top itirməklə fərqlənirdisə, Yusuf Lavalın varlığı ilə yoxluğu, ümumiyyətlə, görünmürdü. Sadəcə, ortadakı oyunçuların fəallığı, döyüşkənliyi cinahlardakı problemi sığortalayırdı. Gözlənilən qol, nəhayət ki, fasilə ərəfəsində gəldi. Ataa Caber bu dəfə də cərimə meydanı həndəvərindən bəxtini sınadı. Xoşbəxtlikdən müdafiəçiyə də dəyən top səmtini dəyişərək tora düşdü. Regekampfın yetirmələri ilk yarıdakı üstün oyunu nəticəsində bu qola layiq idi. Hətta tezliklə ikinci topu da vurmaq olardı. Təəssüf ki, Sayef əks-hücum zamanı son ötürməni zəif verməklə yüz faizlik qolun üstündən xətt çəkdi.

75 dəqiqəlik şou
“Neftçi” elə ikinci hissəyə də qolla başlaya bilərdi. Yenə Mahmudov-Donyo paslaşması rəqib müdafiəsini pərən-pərən saldı. Ancaq qanalı forvardın son zərbəsi hədəfə tuş gəlmədi. “Rapid”in ikinci hissədəki çıxışı ilk yarıdakından da bərbad alınırdı. Avstriyalılar qol üçün hücuma atılsalar da, müdafiəçilərimizə ciddi həyəcan yaşada bilmirdilər. Müdafiə planında isə həvəskar komanda təsiri bağışlayırdılar. Ardı-arası kəsilməyən uşaq səhvləri bir saatın tamamında “Neftçi”yə ikinci qolu qazandırdı. Topu müdafiəçidən “oğurlayan” Sayef qapıçını da aldadaraq fərqi artırdı.

Ferdinand Feldhofer ardıcıl əvəzləmələrlə komandasını ayıltmağa çalışsa da, dünən meydanda futbol oynayan bir komanda var idi – “Neftçi”. Qapının toxunulmazlığını etibarlı şəkildə müdafiə olunaraq təmin edən “ağ-qaralar” əks-hücumlar zamanı artıq daha çox uzun ötürmə ilə topu Donyonun sürəti istiqamətinə atmağa çalışırdılar. Ancaq iki müdafiəçi Qodsveyi bağladığından, qanalı bir çox halda boş yerə qaçaraq özünü yorurdu. Halbuki həmin epizodlarda komanda paslaşaraq da çıxa bilər və beləcə daha kəsərli həmlələr edə bilərdi. “Neftçi”nin üstün oyunu 75 dəqiqə çəkdi.

Rəqibin işinə yarayan əvəzləmələr
Regekampf ilk əvəzləmələrini 76-cı dəqiqədə etmək qərarına gəldi. Halbuki həmin vaxta qədər qonaqlar artıq 5 dəyişikliyin hamısından istifadə etmişdilər. Rumıniyalı mütəxəssisi də başa düşmək olar. Çünki meydanda hər şey qaydasında gedirdi. Tək problem rəqibin müdafiəsindəki xaosdan daha çox yararlanmamaq idi. Baş məşqçi cinahları dəyişərək hücuma yeni nəfəs gətirməyə çalışdı. İlk hissədəki fiziki gücündə qalmayan Emin artıq bir qədər geridən oynamağa başladı. İrəlidə isə Donyonun yanında meydana yeni daxil olan Rəhman Hacıyev çıxış etməli oldu. Tezliklə Emin də missiyasını tamamlayaraq kənara çəkildi.

Regekampfın ardıcıl əvəzləmələri orta sahəni və hücumu canlandırmağa hesablanmışdı. Ancaq onun bu planı əks təsir göstərdi. Meydana sonradan daxil olanlar komandanı gücləndirmək əvəzinə, olan-qalan gücünü də əlindən aldı. Xüsusən də, Rəhman Hacıyevin bəzi epizodlarda həvəskar davranışı ilə diqqət çəkdi. Bütün bunlar rəqibin topa daha çox sahib olmağına, tez-tez irəli atılmağına şərait yaratdı. Son dəqiqələrdə müdafiəyə oturan “ağ-qaralar” final fitinə saniyələr qalmış hamının qorxduğu qolu buraxdı. Bununla da komanda darmadağınla qalib gəlməli olduğu matçda minimalhesablı qələbə ilə kifayətləndi. Bu da azarkeşləri sevinməkdən çox məyus etdi.

Bakıda əlinə düşən böyük şansı qaçıran “Neftçi”ni indi Vyanada çətin sınaq gözləyir. Ancaq yenə də komanda 1 top fərqilə öndə başlayacaq. Önəmli olan “Bakcell Arena”dakı kimi, səfərdə də qorxmadan, cəsarətli oyun sərgiləmək və bu dəfə ələ düşən şanslardan maksimum yararlanmaqdır.

Qeyd edək ki, “Rapid”lə “Neftçi” arasında cavab qarşılaşması avqustun 11-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest