Azərbaycanın avrokuboklarda qalan yeganə təmsilçisi "Qarabağ" çempionlar Liqasının pley-off mərhələsində birinci oyununu keçirdi. Matc.az xəbər verir ki, qrupa vəsiqə yolunda çexiya klubu "Viktoriya"nı Bakıda qəbul edən Azərbaycan çempionu qolsuz bərabərliklə yadda qaldı. Tofiq Bəhramov adına Respublika Stadionunda rəqibindən üstün oyun sərgiləyən Ağdam klubu bu mübarizə əzmini Plzendə də davam etdirməklə, nəhənglərin sırasına düşə bilər.

"Qarabağ" (Azərbaycan) – "Viktoriya" (Plzen, çexiya) – 0:0
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər: Slavko Vinçiç, Tomaz Klançnik, Andraz Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç (7. Riçard Almeyda, 73), 20. Kadi Borqes, 10. Abdullah Zubir, 77 Ramil Şeydayev (19. Filip Ozobiç, 62), 25. İbrahima Vadji (11. Kvabena Ovusu, 73)
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov
"Viktoriya": 36. Yindrix Stanek, 4. Ludek Pernitsa, 21. Vatslav Yemelka, 2. Lukaş Heyda (k), 24. Milan Havel, 10. Yan Kopits (44. Libor Holik, 90+1), 20. Pavel Buxa, 23. Lukaş Kalvax, 7. Yan Sikora (77. Erik Yirka, 71), 15. Tomaş Xori (9. Yan Kliment, 71), 18. Con Moskera (6. Vatslav Pilarj, 59)
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Ticani, 22. Kadu, 25. Aleş çermak, 26. Filip çihak, 33. Rene Dediç, 99. Modu Ndiaye
Baş məşqçi: Mixal Bilek

İsti havanı "sərinləşdirən" sevgi
Qurban Qurbanov ötən həftə "Ferensvaroş" üzərində qazanılan Macarıstan zəfərinin start "11-liy"inə toxunmamışdı. Maksim Medvedev və Kevin Medinanın yoxluğunda yenə müdafiənin mərkəzi milli komandamızın üzvləri Bəhlul Mustafazadə ilə Bədavi Hüseynova tapşırılmışdı. Riçard Almeyda, Filip Ozobiç və Kvabena Ovusu yenə qarşılaşmaya ehtiyatdan başlamalı oldu. Fiziki cəhətdən komandanın ən hazırlıqlı futbolçusu olan Ramil Şeydayev bu dəfə də hücumun sağ cinahındakı yerini almışdı. Ən böyük silahı fiziki gücü olan "Viktoriya" önündə də yığmamızın hücumçusuna böyük iş düşürdü.

"Qarabağ"ın bütün avrokubok matçına olduğu kimi, bu dəfə də azarkeş marağı ən pik həddə idi. Təsadüfi deyil ki, qarşılaşmanın startına yarım saat qalmışdan bütün tribunalar ağzına qədər dolmuş, azarkeşlər müxtəlif şüarlar, mahnılarla isti havanı "sərinləşdirirdi". Arenanın ətrafında da böyük kütlənin qalması da "Qarabağ" sevgisinin isbatı idi. 5 ildən sonra Bakıda səslənən çempionlar Liqasının himni isə istər tribunalara, istərsə də futbolçulara əlavə həyəcan yaşatdı.

Bir epizodla dəyişən oyun
İlk dəqiqələrdən hiss olunurdu ki, çexiyalılar rəqibi yaxşı "oxumuşdu". çünki ev sahiblərinin topla rahat davranmasına, oyuna diktə etməsinə imkan vermirdilər. Tomaş Xori kimi ucaboy hücumçuya malik olduqlarından, uzun ötürmələrlə onu tapmağa çalışırdılar. üstəlik, təkbətək mübarizələrdə də fiziki güclərindən məharətlə yararlana bilirdilər. Artıq startda kornerdən sonra qapımız qarşısında yaranan həyəcan rəqibin "ikinci mərtəbə"də nə qədər təhlükəli olduğundan xəbər verirdi.

Ancaq "Viktoriya"nın da zəif nöqtəsi var idi. Komanda, xüsusın də, orta sahədə geri dönməkdə çətinlik çəkirdi. Bu da İbrahima Vadjiyə mərkəz müdafiəçilərinin önündə boş zonalar verirdi. Artıq 6-cı dəqiqədə bu boşluq "Qarabağ"ın qolu ilə nəticələnə bilərdi. Məhz Vadjinin başlatdığı hücumun davamında əvvəlcə Marko Veşoviçin təkbətək epizodda, dönən topda isə Kadi Borqesin zərbəsinə qapıçı Yindrix Stanek mükəmməl reaksiya göstərdi. Bu epizod sanki "Viktoriya"nın ilk dəqiqələrdəki müqavimətini qırdı, ağdamlılarda isə öz oyununu sərgiləmək baxımından özünəinam yaratdı. Vadjinin canfəşanlığı, Abdullah Zubirin texnikası və Ramil Şeydayevin qorxmadan cinahdan müdafiənin üstünə şığıması çexlərdə təşvişə səbəb olurdu.

Zubirə ayrılan müdafiəçi
Plzen təmsilçisi oyun epizodundan nəyəsə nail olmayacağını sanki başa düşürdü. Elə buna görə də Mixal Bilekin yetirmələri üstünlüyü cinahlara verərək, ya korner, ya da cərimə zərbəsi qazanmağa çalışırdılar. Bunu bacardıqları zaman da qol vəziyyəti yaratmaqda çətinlik çəkmirdilər. Azərbaycan çempionu isə geri dönüşdə ləng davranan rəqibi cəzalandırmaq üçün yaxşı imkanlar yaxalayırdı.

Mixal Bilekin "Qarabağ"ın heyətində ən çox çəkindiyi futbolçu Zubir idi. çünki yalnız ona qarşı fərdi oynayan futbolçu ayırmışdı. Müdafiəçiləri Milan Havel oyunboyu meydandakı mübarizədən təcrid olunmuş, sırf Zubirin yanında gəzirdi. Hətta fransalı əks cinaha keçdikdə də onunla birlikdə ora gedirdi. Havel Zubiri ilk dəfə 43-cü dəqiqədə unutdu, onda da Mərakeş əsilli futbolçu az qala qol ötürməsi verəcəkdi. Pleymeyker mövqeyində çıxış edən Kadi hücum "üçlüy"ündən bir qədər geri qalırdı. Bu da onun hücum potensialını zəiflədirdi. Braziliyalı bəzi anlarda sağ cinaha çəkilsə də, yenə istədiyi boşluğu özünə yarada bilmirdi. çünki çexiyalılar onun da üstün cəhətini bildikləri üçün topu sol ayağına alıb zərbə mövqeyinə çıxmasına imkan vermirdilər.

Qarşılıqlı əvəzləmələrlə yerdəyişmələr
İkinci hissə bir qədər sönük başladı. Hər iki komanda üzvlərinin ilk yarıdakı performansdan sonra isti havada tez yorulmaları başadüşülən idi. Sanki futbolçular meydanda nəfəslərini dərməyə çalışırdılar. Bu da mübarizənin əsasən mərkəzdə cərəyan etməsinə və tez-tez top itkilərinə səbəb olurdu. Belədə isə qapıya yaxınlaşmaq çətinləşirdi. "Qarabağ" səssizliyi 57-ci dəqiqədə pozdu. Təəssüf ki, yaxın məsafədən zərbə düz qapıçının üstünə getdi.

Qurban Qurbanov matçda ilk müdaxiləsini 62-ci dəqiqədə etdi. Kadinin mərkəzdə itməsi təcrübəli mütəxəssisi əvəzləməyə vadar etdi. Braziliyalının sağ cinaha çəkilməsi üçün Şeydayevin yerinə Ozobiç meydana daxil oldu. Bununla da "Qarabağ" öyrəşdiyimiz hücum "trio"suna keçdi. Baş məşqçinin bu addımı Şeydayevi bu oyun üçün qurban vermək, eyni zamanda cavab görüşünə qorumaq idi. çünki Plzendə millimizin forvardına daha çox ehtiyac olacaq. Mixal Bilek isə ilk əvəzləmə zamanı 5-3-2 sistemini 5-4-1-ə çevirdi. Hissənin ortaları qarşılıqlı əvəzləmələrlə keçdi. Təsadüfi deyil ki, 3 dəqiqə ərzində hər iki çalışdırıcı daha 2 oyunçunu meydana buraxdı. "Qarabağ"da daha çox mövqelər üzrə dəyişikliklər edildi. Almeyda orta sahədə topa sahib olma faizini artırmalı, Ovusu isə hücumdakı dinamikliyi artırmalı idi.

Standart vəziyyət üzərindən qurulan rəqib
Bu əvəzləmələrdən sonra oyuna nəzarət tam olaraq Azərbaycan çempionunun əlinə keçdi. Müdafiəni etibarlı saxlayan qonaqlar orta sahədə pressinq edərək rəqibin səhvə yol verməsini gözləyirdi. Açığı, "Qarabağ"da ötürmə səhvləri matçın sonuna yaxın çoxalmışdı. Ancaq çexlər də topu ələ keçirdikdən sonra qapıya qədər gəlməyi çatdırmırdılar. Təsadüfi deyil ki, "Viktoriya" ikinci hissə ərzində Şahruddin Məhəmmədəliyevi bir dəfə də olsun ciddi şəkildə oyuna qoşa bilmədi. Ancaq eyni zamanda "Qarabağ"ın hücumları da artıq ilk yarıdakı kimi kəsərli alınmırdı. Xüsusən də, Vadjinin boşluğunu Ovusu layiqincə doldura bilmirdi.

Temp baxımından iki fərqli hissə izləsək də, tablodakı sıfırlar sona qədər dəyişmədi. Bu isə cavab oyunu öncəsi yarı-yarıya olan şans nisbətini də dəyişmədi. İlk görüşə əsasən, "Viktoriya"nın "Ferensvaroş"dan heç də güclü olmadığı qənaətinə gəlmək olar. "Qarabağ"dan fərqli, çexiyalılarda oyun quruculuğu, yaradıcı hücum keyfiyyəti çox aşağı görünür. Bu komandaya qapı yaxınlığında cərimə zərbəsi və künc zərbəsi veməsən, təhlükəli vəziyyət yaratmaqda əziyyət çəkəcək. Bu mənada Bakıda növbəti dəfə heç-heçə edən "Qarabağ"ın yenə səfərdən qalibiyyətlə dönəcəyinə və çempionlar Liqasının qrupuna düşəcəyinə inam böyükdü.

Cavab oyunu avqustun 23-də Plzendə keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest