Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Cenk özkacar Fransanın "Olimpik" (Lion) klubundan ayrılıb. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu bundan sonra karyerasını İspaniyanın "Valensiya" klubunda davam etdirəcək.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Gənc müdafiəçi qarşıdakı mövsümü icarə əsasında La Liqa klubunda keçirəcək. Lakin İspaniya klubu türk oyunçunu satınalma şərti ilə icarəyə götürüb və onunla 1+5 illik müqavilə bağlayıb. 
 
"Valensiya" bir illik icarə üçün Fransa klubuna 500 min avro ödəyib. Mövsümün sonunda isə futbolçunun birdəfəlik transferi üçün "Olimpik"ə daha 5 milyon avro ödəniləcək.
 
Cenk özkacar "Altay"ın yetirməsidir. O, bu komanda ilə yanaşı, "Karacabey Belediyespor"un da formasını geyinib. 2020-ci ilin avqustunda isə Lion "Olimpik"i gənc oyunçunu 1.5 milyon avroya transfer edib. Liqa 1 təmsilçisinin əsas komandasında cəmi 1 rəsmi oyun keçirən futbolçu ötən mövsüm Belçikanın "Leuven" klubunda icarədə oynayıb. O, bu komandada 34 oyuna 2 qol da vurub. Cenk Türkiyənin əsas millisində də bu il ilk rəsmi matçına çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest