Azərbaycan yığması UEFA Millətlər Liqasında 2022-23 mövsümünə yekun vurdu. Matc.az saytı xəbər verir ki, turnirə uğursuz start götürən komandamız sonluğu möhtəşəm etdi.
 
Canni de Byazinin yetirmələri Belarus və Slovakiya üzərindəki qələbədən sonra Qazaxıstanı darmadağın etsə də, bu, qrup birinciliyi üçün yetərli olmadı. Nəticədə komandamız 10 xalla 2-ci yeri tutdu.
 
Azərbaycan – Qazaxıstan – 3:0
Qollar: Aleksandr Maroçkin, 67 (avtoqol), Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1
Qırmızı vərəqə: Nuralı Alip, 35
Bakı, "Dalğa Arena". Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen. VAR hakimləri: Benjamin Brand, Paskal Müller (hamısı Almaniya).
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev (17. Toral Bayramov, 57), 6. Höccət Haqverdi, 14. Eddi İsrafilov (22. Aleksey İsayev, 46), 8. Emin Mahmudov (k), 19. Filip Ozobiç (7. Anatoli Nuriyev, 88), 21. Ozan Can Kökçü (10. Mahir Emreli, 46), 9. Renat Dadaşov (20. Musa Qurbanlı, 46), 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Rüstəm Əhmədzadə, 5. Cəlal Hüseynov, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 18. Anton Krivotsyuk
Baş məşqçi: Canni de Byazi
Qazaxıstan: 12. İqor Şatski, 22. Aleksandr Maroçkin, 3. Nuralı Alip, 21. Marat Bıstrov, 18. Timur Dosmaqambetov (11. Yan Voroqovski, 67), 13. Baqdat Kairov, 5. İslambek Kuat (k), 7. Aslan Darabayev (23. Adilet Sadıbekov, 80), 10. Elxan Astanov (17. Abat Aymbetov, 67), 20. Ramazan Orazov (14. Samat Jarınbetov, 80), 6. Abılayxan Jumabek (2. Sergey Malıy, 39)
Ehtiyat oyunçular: 1. Bekxan Şayzada, 15. Məhəmmədcan Seysen, 4. Temirlan Yerlanov, 8. Artur Şuşenaçev, 9. Roman Murtazayev, 16. Mixail Qabışev, 19. Talqat Kusyapov
Baş məşqçi: Məhəmməd Adıyev
 
Heyətdə bir məcburi dəyişiklik
Baş məşqçi Trnava zəfərini qazanan heyətə və sistemə əl dəymədi. Start heyətində yalnız bir məcburi dəyişiklik var idi. Riçard Almeyda Slovakiya səfərindəki sarı vərəqəyə görə cəzalı duruma düşdüyü üçün onu "Qarabağ"dakı komanda yoldaşı Filip Ozobiç əvəzlədi. Bu, orta sahədə bir yerdəyişməyə də səbəb oldu. Trnavada pleymeyker kimi çıxış edən kapitan Emin Mahmudov bu dəfə orta sahədə Eddi İsrafilova daha yaxın oynamalı oldu. Hücumçuları topla təmin etmək vəzifəsi isə Ozobiçə tapşırıldı. Bundan başqa, cəzası bitən Mahir Emreli, həmçinin Trnavada "23-lüy"ə salınmayan Rüstəm Əhmədzadə də ehtiyatda oturmuşdu. Slovakiyada ikinci hissədə meydanda olan Amin Seydiyev isə qarşılaşmanın iştirak ərizəsinə salınmamışdı. Millimiz 4-2-3-1-lə mübarizə aparırdısa, Qazaxıstan 5-4-1 sisteminə üstünlük vermişdi.
 
üstün başlanğıc
öncədən gözlənildiyi kimi, hakimin start fitindən dərhal sonra millimiz oyuna nəzarəti ələ keçirdi. Meydanboyu top çevirən futbolçularımız rəqibin müdafiə xəttində boşluq axtarmağa başladı. İlk dəqiqələrdən mübarizə, demək olar ki, meydanın Qazaxıstana aid hissəsində cərəyan etdi. Qonaqlar isə heç də qrup birincisinə yaraşan başlanğıc etmədi. çox adamla müdafiə olunan Məhəmməd Adıyevin yetirmələri əsas diqqəti qol buraxmamağa yönəltmişdi. Qazaxıstanlı futbolçuların topa sahib olarkən kor-koranə hücuma çıxmaq cəhdi də diqqətdən qaçmırdı. Adıyevin kollektivi çox adamla irəli çıxmağa risk etmir, hücumçularını uzun ötürmələrlə hərəkətləndirməyə çalışırdı. Lakin onların bu cəhdlərini zərərsizləşdirmək müdafiəçilərimiz üçün çətin olmurdu.
 
Alman qərarlılığı, hücumçusuz oyun
Qazaxıstan yığması orta sahədə sıxlıq yaradaraq, millimizi xoşbəxtliyi cinahlardan axtarmağa vadar edirdi. Mərkəzdən rəqib müdafiəsini yarmaq, həqiqətən də, müşkülə çevrilmişdi. Cinahlardan gələn saysız-hesabsız asmalar isə bir fayda vermirdi. Xüsusən də, sağ cinahdan Ozan Can Kökçünün ifasında tez-tez qapı qarşısına ötürmə izləyirdik. Di gəl ki, Kökçünün necə gəldi havalandırdığı toplar qonaqları çox da narahat etmirdi.
 
Hissənin ortalarından etibarən hər iki tərəfdə futbolçular sərtliyə əl atmağa başladılar ki, baş hakim Harm Osmers bunları bağışlamırdı. 35-ci dəqiqədə rəqibin ən yaxşı futbolçusu sayılan Nurali Alip eyni dəqiqə ərzindəki davranışlarının qurbanı oldu və ardıcıl iki sarı vərəqə ilə meydandan qovuldu. Dərhal müdaxilə edən baş məşqçi meydandakı yeganə hücumçuları Abılayxan Jumabeki ucaboy müdafiəçi Sergey Malıyla əvəzlədi. Belədə qazaxıstanlıların meydandakı düzülüşü 5-4-0-a çevrildi. Hissənin sonlarında yığmamız bütün qüvvə ilə hücuma atılsa da, qonaqlar fasiləyə qədər qapının toxunulmazlığını qorumağı bacardı.
 
3 əvəzləmə ilə 3 hücumçuya keçid
Artıq rəqibin azlıqda olması Canni de Byazini ikinci hissədə 3 hücumçulu sistemə keçməyə sövq elədi. İlk yarıda oyunu alınmayan və passivində sarı vərəqə olan Renat Dadaşov fasilədən sonra meydana qayıtmadı. Onunla yanaşı, Ozan Can Kökçü və Eddi İsrafilov da 45 dəqiqəlik mübarizə ilə kifayətləndi. Bu üç oyunçunu müvafiq olaraq Musa Qurbanlı, Mahir Emreli və Aleksey İsayev əvəzlədi. Musa hücumun mərkəzindəki, Mahir isə sağındakı yerini aldısa, İsayev orta sahədə qərarlaşdı. Rəqib 10 nəfərlə qaldığından, artıq dayaq yarımmüdafiəçisinə də ehtiyac qalmamışdı.
 
İkinci hissəni 4-3-3 kimi keçirsək də, əksər hallarda Ozobiç çox irəli çıxdığından, 4-2-4 kimi oynayırdıq. Komandamız hücumlarını bir qayda olaraq sol cinahdan qururdu. Elvin Cəfərquliyev – Toral Bayramov əvəzləməsindən sonra bütün yük tamamilə həmin cinahda idi. Toral bütün oyunu irəlidə keçirdiyindən Şeydayev də Musaya yaxın çıxış edirdi. Millimizin ikinci qolunu da məhz Bayramov başlatdı və Ozobiç əla driblinqlə tamamladı.
 
Müdafiədəki boşluqla gələn 3-cü qol
Onsuz da, 10 nəfərlə çıxış edən Qazaxıstan buraxılan ikinci topdan sonra mübarizədən tamam qopdu, artıq düz-əməlli müdafiə də oluna bilmirdi. Qonaqların topa yiyələndiyi zaman 4-5 nəfərlə hücuma atılması müdafiələrində ciddi boşluğa yol açırdı. Futbolçularımız əks-hücumlarla bundan lazımınca yararlana da bilərdilər. Bir epizodda qapı tiri qola mane oldusa, digər cəhdlərdə gah son ötürmələrdə və ya zərbələrdə dəqiqlik çatmırdı, gah da qapıçı səhvsiz oynayırdı. Nəhayət, əlavə edilmiş dəqiqələrdə 3-cü qolu vurmaq da mümkün oldu. Bununla da oyunboyu qapıya bir dəfə də zərbə vura bilməyən qrup birincisi Bakıdan darmadağın olaraq ayrıldı. Azərbaycan millisi isə 10 xalla qrupu 2-ci pillədə tamamladı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest