AFFA-nın baş katibi Sərxan Hacıyevin matc.az saytına müsahibəsi

- Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsində ikinci yerlə kifayətləndi. Sizcə, 10 xal qazanmaq uğur, yoxsa pley-offa vəsiqə qazanmamaq uğursuzluqdu?

- Millinin son 3 matçda əldə etdiyi nəticə və sərgilədiyi futbol bizi sevindirməyə bilməzdi. Bu, gələcəyə müsbət baxmaq üçün zəmin yaratdı. Təəssüf ki, komandamız qrupun ilk matçlarında bu cür oyun göstərə bilmədi. Müəyyən anlarda bəzi məqamlar komandanın oyununda alınmırdı. Lakin son üç matçda, doğrudan da, yığmamız yaxşı çıxış etdi və ardıcıl qələbələr qazandı. Təəssüf ki, qrupda birinci yeri tuta bilmədik, ikinci olduq. Digər tərəfdən, 10 xal toplamaq pley-off mərhələsinə teoretik şanslarımızın qalması imkanı yaratdı.  

- İndi hər kəs baş məşqçi məsələsini müzakirə edir. Canni de Byazi ilə yeni müqavilə razılaşdırılıb, yoxsa başqa namizədləri nəzərdən keçirməyə başlamısınız?

- Canni de Byazinin müqaviləsinin artırılıb-artırılmaması AFFA İcraiyyə Komitəsinin səlahiyyət çərçivəsindədi. Yaxın günlərdə bu komitənin iclası olacaq. Bu suala da məhz orada aydınlıq gətiriləcək.

- Müsahibələrinizin birində yerli mütəxəssis tərəfdarı olduğunuzu demişdiniz. Fikrinizdə qalırsınız?

- Baş katib vəzifəsi icraçı xarakteri daşıyır. AFFA İcraiyyə Komitəsinin iclası ərəfəsində baş katib olaraq bu məsələ ilə bağlı hər hansı bir açıqlama verməyim məqsədəuyğun olmaz. AFFA İcraiyyə Komitəsinin iclasını gözləmək daha doğru olardı.

- Slovakiya (2:1) və Qazaxıstan (3:0) üzərində qələbəyə görə futbolçuların yüksək məbləğdə mükafat aldığı barədə xəbərlər yayılır, müxtəlif məbləğlər yazılır. Həqiqət nədən ibarətdi?

- Bəli, bu iki qarşılaşmadakı qələbəyə görə müəyyən rəqəmlər səslənib. Alınan mükafatla bağlı məlumatların heç bir həqiqəti əks etdirmir. Onu qeyd etmək istərdim ki, verilən mükafat qeyd olunan məbləğlərdən dəfələrlə aşağıdır.

- Canni de Byazi ilə Qara Qarayev arasındakı gərginlik uzun müzakirələrə yol açdı. Bununla bağlı baş məşqçi və futbolçu ilə söhbətiniz olubmu?

- Qara Qarayev Azərbaycan futbolunun öndə gedən simalarından biridi. O, Azərbaycan yığmalarında öz oyunu ilə seçilib. Hazırda da “Qarabağ”ın aparıcı futbolçusudu. Amma Qaranın milliyə çağırılıb-çağırılmaması baş məşqçinin səlahiyyəti çərçivəsindədi. Bununla bağlı son qərar da baş məşqçi tərəfindən verilib. O ki qaldı aparılan söhbətlərə, rəsmi matçlardan əvvəl Canni de Byazi ilə söhbətimiz olub. Həmçinin bir neçə həftə əvvəl “Qarabağ”ın ev oyunlarından birinin sonunda Qara Qarayevlə də ümumi söhbət etmişik. Bununla bağlı detallara varmaq istəməzdim. Çünki qeyd elədiyim kimi, məsələyə dair son qərar baş məşqçi tərəfindən verilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest