"Sabah"ın ispaniyalı müdafiəçisi Con İrasabalın matc.az saytına müsahibəsi

- Premyer Liqanın 8-ci turunda autsayder "Şamaxı"nı çətinliklə (1:0) məğlub etdiniz. Oyun sona yaxınlaşdıqca içinizdə xal itirməklə bağlı təşviş yaranmışdımı?
- çətin görüş oldu. "Şamaxı" öz oyununu göstərdi və biz mövcud şəraitdə öz oyunumuzu sərgiləməkdə çətinlik çəkdik. Narahat deyildik, lakin başa düşürdük ki, turnir cədvəlində yuxarı pillələrdə qalmaq üçün bu cür oyunlardan qələbə ilə ayrılmalıyıq.

- Sanki meydana qələbədən arxayın çıxmışdınız. Gec qol vurmağınıza bu səbəb ola bilər?
- Düşünürəm ki, bu, rəqibin oyunu ilə bağlı idi. "Şamaxı" qapalı oyun sərgiləyirdi ki, vaxt irəlilədikcə bizim üçün daha da çətin olurdu.

- Birinci dövrənin sonuna cəmi 1 tur qalıb. Komandanın 8 turdakı çıxışını necə dəyərləndirərdiniz?
- Fikrimcə, yeni oyunçular komandaya yaxşı uyğunlaşıblar. Turnir cədvəlindəki mövqeyimiz yaxşıdı. Lakin biz öz üzərimizdə çalışmağa davam etməliyik. çünki turlar keçdikcə çempionatda rəqabət bir az da gərginləşəcək və bizi qarşıda çətin matçlar gözləyir.

- Növbəti turda daha bir autsayder "Kəpəz"i qəbul edəcəksiniz. çoxları indidən aktivinizə növbəti 3 xalı yazdırıb. Siz bu barədə nə düşünürsünüz?
- Son qarşılaşma da göstərdi ki, çempionatda asan oyun olmur. Biz hər oyuna qələbə üçün çıxırıq. Bu görüşdə də 3 xal üçün əlimizdən gələni edəcəyik.

- Həm siz, həm də Abdulaye Ba yeni transfer olsa da, ilk 8 turda cəmi 7 top buraxmağınız müdafiənin mərkəzində anlaşmanızın yüksək səviyyədə olduğunu göstərir. Artıq komandaya tam uyğunlaşdığınızı demək olar?
- Abdulaye Ba çox yaxşı oyun sərgiləyir. O, təkcə müdafiədə yox, irəli xətdə də vurduğu qollarla komandaya yaxından kömək edir. Amma məncə, arxa xətdə inamlı oyunda komandanın hər bir üzvünün əməyi var.

- Azərbaycan Premyer Liqasını İspaniyada oynadığınız liqa ilə müqayisə edə bilərsiniz?
- Müqayisə etmək çətindi. çünki tam fərqli iki liqadan bəhs edirik. İspaniya Sequndasında 20-dən çox komanda çıxış edir. Orada taktiki futbola daha çox üstünlük verilir.

- Cəmi 26 yaşınız var. Gələcəklə bağlı hədəfləriniz nələrdi?
- Meydanda və ondan kənarda çox iddialıyam. Lakin özümdən asılı olan tək şey hər gün çalışmaqdı. Nəticə necə olacaq, zamanla görəcəyik.

- "Atletik" əsasən bilbaolu futbolçulara üstünlük verir. Nə vaxtsa bu klubda oynamağı arzulayırsınız?
- Əlbəttə, bu, hər bir bilbaolu futbolçunun arzusudu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest