Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib. Matc.az xəbər verir ki, günün ilk görüşü çempionatın liderlərindən olan "Gəncə" və "Sərhədçi" komandaları arasında keçirilib.
 
Gərgin keçən oyundan birincilər 90:76 hesablı qələbə ilə ayrılıblar. Qələbə sayəsində Gəncə basketbolçuları xalını 13-ə çatdırıb və turnir cədvəlində vahid liderə çevriliblər.
 
Ən məhsuldar basketbolçular "Gəncə"dən Kris Hamil (25 xal, 5 ribaund), "Sərhədçi"dən Maksvel Starvud (27 xal, 5 ribaund) olub.
 
Günün ikinci oyununda iki paytaxt təmsilçisi - "Neftçi" və NTD basketbolçuları qarşılaşıblar. Bu oyunda NTD komandası rəqibi üzərində 88:75 hesabı ilə qələbə qazanıb.
 
Nəticədə xalını 12-yə çatdıran NTD turnir cədvəlində ikinci pilləyə yüksəlib.
 
Matçın ən məhsuldarları "Neftçi"dən Reymond Miller (28 xal, 10 ribaund), NTD-dən Londell King  (20 xal, 8 ribaund) olub.
 
Turun bağlanış oyunu noyabrın 27-də Şəki Olimpiya İdman Kompleksində "Olimpik Şəki" və "Sabah"  komandaları arasında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest